Dünya Azərbaycanlıları Konqresi (DAK) xalq artisti İlhamə Quliyevanın özünü bu təşkilatın səlahiyyətli nümayəndəsi kimi təqdim etməsinə münasibət bildirib. Lent.az-a ünvanlanan məktubda təşkilatın Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyev DAK-ın heç bir qurultayında “Mədəniyyət Akademiyası” adlı orqanın yaradılmadığını, xanım Quliyevanın ora rəhbər təyin edilmədiyini bəyan edib.
Məktubda bildirilir: “İlhamə Quliyeva DAK-in 1997-ci ildən bu günə kimi keçirilən heç bir qurultayında bu vəzifəyə təyin edilməyib. O, DAK-ın tədbirlərinə müğənni qismində dəvət edilib və ona təşkilati məsələlərdə iştirakını təmin edən heç bir vəzifə verilməyib. DAK adından Quliyevanın adını çəkdiyi və bizə məlum olmayan “Mədəniyyət Akademiyası” bu günə kimi DAK-ın orqanı kimi tədbir keçirməyib. Akademiya sözünün nə olduğunu, hansı funksiyalar yerinə yetirdiyini və ümumiyyətlə, bir elmi subyektin miqyasını nəzərə almadan özünü akademiya prezidenti kimi təqdim etmək gülüncdür. İ. Quliyevaya tövsiyə edirik ki, o dırnaqarası akademiyanın prezidenti kimi bu ada layiq bilindiyi və yaxud seçildiyi gündən gördüyü işlərin hesabatını versin və akademiyanın mövcudluğunu sübut edən sənədlər təqdim etsin”.
Zəruri qeyd: Digər Dak-ın həmsədri Sabir Rüstəmxanlı da bu təşkilatın nəznində “Mədəniyyət Akademiya”sı adlı qurumun olmadığını və xalq artistinin də özünü mövcud olmayan bir qurumun prezidenti kimi təqdim etməsini əsassız və yalan hesab edib.