Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.
DQİDK-dan Lent.az-a verilən məlumata görə, Komitə sədri Mübariz Qurbanlı ölkədə uğurla davam etdirilən dövlət-din münasibətləri sayəsində bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə dünyada örnək ölkələrdən biri olduğunu və Azərbaycanda hər hansı bir məzhəb ayrı-seçkiliyinə rast gəlinmədiyini vurğulayıb.
Bu ənənələrin davam etdirilməsində dini təhsilin böyük önəm daşıdığını bildirən M. Qurbanlı ölkədə milli dini kadrların hazırlanması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə işlər görüldüyünü deyib. Dini təhsil müəssisələrində Azərbaycan tarixi, milli kökü, Azərbaycan xalqının etno tərkibi, məzhəblərarası tolerant münasibətlər, multikultural, islami dəyərlər sistemli şəkildə tələbələrə çatdırılacaq.
Sonra dövlət qeydiyyatına alınmış Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib.