Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim olunub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Avtomobillərin təqdim edilməsi mərasimində vurğulanıb ki, prezident İlham Əliyevin müvafiq sərəncamı uğurla icra olunmaqdadır. Belə ki, son iki aya yaxın vaxt ərzində cari ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 500 nəfəri avtomobillə təmin edilib. Dövlət hesabına avtomobil almaq üçün növbədə dayanan digər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı bu ayın sonunadək tam başa çatdırılacaq.
Tədbirdə bildirilib ki, növbədə dayanan Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinə artıq gələn aydan etibarən avtomobillərin verilməsi planlaşdırılır və bu proses yaxın bir neçə ayda yekunlaşdırılacaq.