Dağ idman növlərinin Qafqaz nümunəsində roluna dair konfrans başlayıb
24 oktyabr 2013 12:21 (UTC +04:00)

Dağ idman növlərinin Qafqaz nümunəsində roluna dair konfrans başlayıb

 

Bu gün Bakıda "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda beynəlxalq konfrans başlayıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, beynəlxalq konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyasının (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilir.

 

Bakıda keçirilən konfransda dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov bildirib ki, Azərbaycanda federasiyanın 5 minə yaxın üzvü var. Onun sözlərinə görə, dağçılıq idman növü insanlarda xüsusi qabiliyyət tələb edən və özünü ifadə etmək üçün mühüm əhəmiyyətə malikdir: “Lakin bütün bəşəriyyəti olduğu kimi, dağçıları da təbiətin insan fəaliyyəti qarşısında tab gətirməməsi narahat etməlidir. Dağların çox incə ekosistemi ağır təsirlərə məruz qalır. Bugünkü konfransın da vəzifəsi bütün təbiəti sevərlər tərəfindən bu ekosistemin qorunmasına çağırış etməkdir”.

 

Azərbaycanın 50% ərazisinin dağlıq olduğunu deyən federasiya prezidenti bildirib ki, ölkədə 4 min metrdən hündür olan 17 dağ zirvəsi mövcuddur: “Bu da dağçılıq idmanının inkişafı üçün geniş imkanlar yaradır. Lakin harada idmançı hüququnun bitdiyi və təbiətin hüququnun başladığı yerlə bağlı məsələdə balans yaradılmalıdır”.

 

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov bildirib ki, dünyada davamlı inkişaf XXI əsrin əsas prioritetidir. Onun sözlərinə görə, Azərbaycanda davamlı inkişafla bağlı məsələlər uğurla həyata keçirilir, bir sıra dövlət proqramları qəbul olunur və nəticələr göz qabağındadır. O qeyd edib ki, son 5 ildə Azərbaycanda 65 min hektardan artıq meşə salınıb.

 

Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UİAA) Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Makmillan bildirib ki, dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu var. Onun sözlərinə görə, Azərbaycan dağların mühafizəsinə diqqət ayıran ən qabaqcıl ölkələrdən biridir.

 

Qeyd edək ki, Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində təşkil olunan beynəlxalq konfrans oktyabrın 26-dək işini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872
avatar

Oxşar yazılar