Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində icra edilən ən böyük layihələrdən biri - Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir. “Azərsu”-dan Lent.az-a verilən xəbərə görə, təməli 8 sentyabr 2011-ci il tarixdə prezident İlham Əliyev tərəfindən qoyulmuş qurğu Bakı şəhəri və Abşeron yarımadasının yaşayış məntəqələrinin fasiləsiz və yüksək keyfiyyətli içməli su ilə təminatına töhfə verəcək.
Layihəyə uyğun olaraq ultrasüzgəc binası, binanın daxili texnoloji xətlər, subölüşdürücü kamera, xam su anbarı tikilərək istismara tam hazır vəziyyətə gətirilib.
Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək sugötürücü qurğunun, tunel qazma üsulu ilə tikilən suqəbuledici boruların, hazır su anbarının, nasos stansiyasının, sərfölçən qurğuların tikintisi isə son mərhələdədir.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğuda aparılan işlərlə yanaşı, emal olunacaq suyun istehlakçılara çatdırılması məqsədilə magistral kəmərlərin və anbarların inşası da davam etdirilir.
Hazırda Hökməli qəsəbəsi ərazisində 20 min kubmetr tutumu olan 2 anbardan (“+118 Abşeron”) birinin inşası tam başa çatdırılmış, digərində isə son tamamlama işləri aparılır.
Bununla paralel ultrasüzgəcli qurğudan anbarlara qədər 11,2 km uzunluğunda magistral xəttin inşası da yekunlaşıb.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu, magistral kəmər, anbar və infrastrukturun digər obyektləri istismara buraxılandan sonra Abşeron yarımadasında 1 milyon nəfərdən artıq əhali fasiləsiz və keyfiyyətli içməli su ilə təmin ediləcək.
Ceyranbatan anbarından suyun qəbulu, ilkin təmizlənməsi və emal edilmiş suyun zərərsizləşdirilməsində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və qurğunun tikintisində Niderland Krallığı, Türkiyə istehsalı olan müasir avadanlıqdan istifadə edilir.