Nazirlər Kabineti dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydasını təsdiqləyib.
Lent.az-ın verdiyi məlumata görə, bu qayda “Sosial xidmət haqqında” qanuna əsasən hazırlanıb və bu qanuna uyğun olaraq dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.
Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət (bundan sonra - sosial xidmət) zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir. Sosial xidmətin həcmi zəmanət verilmiş həddi keçdiyi halda, sosial xidmət bu Qaydanın 1 nömrəli əlavəsinə müvafiq olaraq qismən ödənişli şərtlərlə göstərilir. Sosial xidmətin növü sosial xidmətin zəmanət verilmiş həcminə aid olmadığı halda, sosial xidmət bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tam ödənişli şərtlərlə göstərilir. Ödənişli sosial xidmət göstərilərkən çətin həyat şəraitində olan şəxsin maraqları, sağlamlıq vəziyyəti, çətin həyat şəraitində olmasının səbəbi, şəxs üçün müəyyən olunmuş reabilitasiya proqramının məzmunu, sosial xidmətlərə tələbatının qısamüddətli və ya uzunmüddətli olması nəzərə alınır.
Ödənişli şərtlərlə sosial xidmət çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilə xidmət göstəriləcək şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla digər orqan və təşkilatlarla da bağlanıla bilər. Sosial xidmət göstərən subyekt müqavilə bağlananadək çətin həyat şəraitində olan şəxsə təklif edilən ödənişli sosial xidmətlə, sosial işçinin və ya sosial xidmətçinin iş rejimi, sosial xidmətin dövlət tərəfindən zəmanət verilmiş həcmi, qismən ödənişli və tam ödənişli sosial xidmətin növləri, xidmət haqqı tarifləri, xidmət haqqının ödənilməsi qaydası ilə bağlı geniş məlumat verməli, onun düzgün seçim etməsinə yardım göstərməlidir. Müqavilədə ödənişli şərtlərlə sosial xidmətə götürülən şəxslərə göstəriləcək xidmətlərin xarakteri və həcmi, xidmət göstəriləcəyi müddət, xidmətin ödənilməsi məbləği və qaydaları göstərilir. Ödənişli sosial xidmət göstərilməsi üçün zəruri olan avadanlıq və vasitələrin dəyəri, nəqliyyat xərcləri sosial xidmət haqqının məbləğinə daxil deyildir və bütövlükdə sosial xidmət göstərilən şəxs tərəfindən ödənilir. Müqavilənin ləğv edilməsi və dəyişdirilməsi Mülki Məcəlləyə uyğun olaraq həyata keçirilir.