"Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında fənlərin sayı artırılacaq". Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu barədə 2 il öncə elan verilib.
Komissiya sədri vurğulayıb ki, 2015-ci ildə həm IX, həm də XI siniflər üzrə buraxılış imtahanlarında fənlərin sayı artıırılacaq: “Gələn il buraxılış imtahanında IX sinifdə oxuyan məzunlar üçün əlavə olaraq “Azərbaycan tarixi”, XI sinif məzunları üçünsə 2 fənn - “Kimya” və “Azərbaycan tarixi” əlavə edilib. Amma XI sinif məzunları üçün fənlər seçim əsasında olacaq. Belə ki, kimsə “Kimya”nı, kimsə “Azərbaycan tarixi”ni seçə biləcək. Bu layihə üzrə ekspertlər arasında və Təhsil Nazirliyi ilə razılaşma aparılıb. Amma hüquqi qaydalarla hələ dəyişməyib. Burada hüquqi prosedurlar var və biz Ədliyyə Nazirliyi, digər müvafiq qurumlara məlumat verəcəyik. Amma artıq ekspertlər və Təhsil Nazirliyi ilə razılaşma olub”.
M. Abbaszadə onu da qeyd edib ki, digər yeniliyə əsasən, gələn ildən Azərbaycanda 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq yeni mexanizm 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı tətbiq edilir: “İmtahanlardan sonra mexanizmin nəticələrinə baxılacaq və bu il tətbiq edilən mexanizm təkmilləşdiriləcək. Bundan sonra gələn ildən XI sinifdən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun bu mexanizmə əsasən həyata keçirilməsi nəzərdə tutulur”.