“Müəllimin inkişaf səviyyəsi ilə şagird nailiyyətləri arasında əlaqə var”. Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov bildirib. Onun sözlərinə görə, müəllimlərin inkişaf səviyyəsi yüksəkdirsə, şagird nailiyyəti də yüksək olacaq.
İdarə rəsmisi qeyd edib ki, şagirdlərin dərsə davamiyyəti ilə müəllimin peşəkarlıq səviyyəsi arasında da qarşılıqlı əlaqə mövcuddur. “Əsas məqsəd bütün bu məsələləri kompleks şəkildə həll etməkdən ibarətdir. Bunu həll etmək üçün müəllimlərin peşəkarlıq səviyyəsini bilməliyik. Məktəbdə dərsdən yayınan şagirdlər hiss edəndə ki, məktəbdə müəllim peşəkardır, onlar dərsdən yayınmayacaq. Dərsdən yayınma halları hər zaman olub və bu gün də var. Biz bunu etiraf edirik. Amma imkan daxilində çalışırıq ki, bunu inzibati yollarla yox, təbii yolla aradan qaldıraq”.
H. Əsgərov bəzi paytaxt məktəblərində şagirdlərin dərsdən yayınmaq və repititor yanına getmək məqsədi ilə adlarının rayon məktəblərində yazılmasına da münasibət bildirib: “İndi belə halların qarşısı demək olar ki, alınıb. Açıq etiraf etmək lazımdır ki, məsələ xüsusi olaraq gündəmə gətirildi və nazirlik səviyyəsində müzakirə olundu. Bunun yolları müəyyənləşdirildi. Təbii ki, bunu tam aradan qaldırmağa zaman lazımdı. Öncəki illərlə müqayisədə bu işlərin qarşısı demək olar ki, alınıb”.