“Son illər Dağlıq Qarabağ münaqişəsinin təsirini görən insanların humanitar ehtiyacları dəyişib. Buna uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyət dairəsi dəyişib”.
APA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran söyləyib.
D. Duran deyib ki, BQXK ilkin mərhələdə təxirəsalınmaz yardımlar göstərib: “Tərəflərə hərbi əsirlərlə, internə olunmuş mülki şəxslərlə bağlı əməkdaşlıq təklif edirdik. O zaman kənd təsərrüfatı, tibbi, mina təhlükəsizliyi proqramları var idi. Son illər həll olunmamış münaqişənin təsiri altında yaşayan insanlar var, onların vəziyyəti stabilləşib. Hökumət məcburi köçkün və qaçqınlar üçün daha yaxşı şərait təklif edir. Ona görə də Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyət dairəsi dəyişib. Hazırda münaqişə ərazisində və cəbhə xəttində mülki şəxslərlə və yaxınları itkin düşmüş şəxslərin ailələr ilə bağlı fəaliyyət göstəririk”.
O bildirib ki, cəbhəyanı ərazidə yaşayan şəxslər münaqişənin təsirini hər gün hiss edirlər: “Onlar öldürülə və yaralana bilərlər. Bu zonadakı insanlarla mina təhlükəsizliyi ilə məşğul olurduq, indi bunu ANAMA həyata keçirir. Biz Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə mina partlayışı nəticəsində zərər çəkən insanlar və onların ailələri ilə işləyirik.
Biz hərbçilərlə görüş zamanı beynəlxalq hüquqa riayətin zəruri olduğunu vurğulayırıq. Beynəlxalq hüququn hərbi doktrinalara inteqrə olunmasına çağırırıq. Fəaliyyətimizin bir hissəsi olaraq özünü müdafiə işləri həyata keçiririk. Məsələn, cəbhəyanı zonada yaşayan şəxslərə izah edirik ki, davranış formalarını dəyişməlidirlər. Xüsusən bu zonada yaşayan mülki kişilər hərbi paltarlar geyinir və hüquqi cəhətdən hərbi hədəfə çevrilirlər. Biz bunları onlara xatırladırıq və media da bu məsələdə bizə yardımçı olmalıdırlar. Çünki bizim dediklərimizə rəğmən onlar bu hərbi geyimlərdən imtina etmirlər”.
Deniz Duran qeyd edib ki, cəbhəyanı ərazilərdə müdafiə divarı layihəsi də həyata keçirirlər: “Yerli icra orqanları və əhali ilə məsləhətləşmə aparaq ən təhlükəli ərazidə yerləşən ailələri müəyyənləşdiririk. Sonra da həmin ailələrin gündəlik təhlükəsiz yaşaması üçün çalışırıq. Tutaq ki, həmin ailənin yaşadığı evin pəncərəsinin, qapısının yerini dəyişirik, yaxud müdafiə üçün divar tikilir. 2013-cü ildə 22 ailə üçün belə layihə həyata keçirmişik. Digər tərəfdən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə sıx əməkdaşlıq edirik. Cəbhəyanı ərazilərdə yaşayan insanlar üçün vacib məsələlərdən biri də ilkin yardımdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhəyanı bölgələrdə yerləşən bölmələrinin fəaliyyətini artırmaq üçün onlara ilkin yardım treninqləri keçirilib. 60 insana ilkin yardım xidməti öyrədilib”.
BQXK Azərbaycandakı nümayəndəliyinin rəhbəri cəbhəyanı ərazilərdə yaşayan insanların iqtisadi imkanlarının aşağı olduğunu da nəzərə çatdırıb: “Biz fəaliyyətimizi tərəflər arasında müvəqqəti razılaşma əsasında həyata keçiririk. Tərəflərə əvvəlcədən bildirilir ki, cəbhəyanı ərazilərdə BQXK fəaliyyət həyata keçirir. Bura müdafiə divarlarının çəkilməsi, su sisteminin bərpa olunması, biçin işlərinin həyata keçirilməsini aid etmək olar. Həlak olmuş şəxsin minalamış ərazidən meyitinin çıxarılması da mümkün olub. Digər tərəfdən, müxtəlif rayonlarda 10 icmadan 500 ailəyə 1000 manatdan çox qran verilib. Bu da əsasən mal-qara alınmasına sərf edilib”.