Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun “Ümumdünya konstitusiyası - Ümumdünya sülh və inkişaf konsepsiyası” adlanan yeni kitabı çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayılın rəyçiliyi ilə işıq üzü görən, inkişaf və sülh ideyaları silsiləsindən ibarət olan kitabın birinci hissəsində dövlətlərin konstitusiyalarının ictimai-siyasi və hüquqi strukturu şərh olunur, dünyanın inkişaf xüsusiyyətləri, ümumi mənzərənin əsasları şərh olunur, tarazlı inkişafa və sabitliyə mane olan kriteriyalar kompleks şəkildə nəzərdən keçirilir.
İkinci hissədə ümumdünya sülhü və inkişaf üçün problemlərin aradan qaldırılmasına yönələn ümumdünya konstitusiyasının baza hissəsinin nəzəri müddəaları öz əksini tapır. Burada sülh, sabitlik və inkişafı şərtləndirən təsbitedici hüquq normaları qeyd olunur.
Üçüncü hissədə isə konsepsiya şəkilində təminedici normalar yer alır. Sülh və inkişaf üçün dövlətlərin birgə vəzifə və funksiyalarının əsasları şərh edilir. Təminedici normalar ümumdünya sülh və inkişaf konsepsiyası ilə tamamlanır.
Kitabda olan fikirlər başlıca olaraq ideallığa söykənir. Dövlətlərin və xalqların beynəlmiləlləşməsi istiqamətində siyasi, hüquqi, ictimai məzmunlu müddəalar sadalanır.
Kitab beynəlxalq münasibətlərlə maraqlananlar, ümumdünya sülhü predmeti sahəsində tədqiqat aparan şəxslər və təşkilatlar, beynəlxalq sülh və müharibə əleyhinə hərəkatın aktiv fəalları (pasifistlər) üçün faydalı ola bilər. Geniş oxucu kütləsi də bu əsərdən yararlana bilər.