Bəd xəbər həvəskarları
10 may 2014 16:36 (UTC +04:00)

Bəd xəbər həvəskarları

Ölkədə xəbər portallarının sayı yağışdan sonra çıxan göbələk kimi durmadan artır. İş o yerə çatıb ki, yeni sayt yaratmaq istəyən jurnalistlər normal ad tapa bilmirlər. İşbazlar təkcə cəlbedici adları deyil, hətta oxucuda maraq doğurmayan domenləri də ələ keçiriblər. Adam tanıyıram ki, iki-üç internet qəzeti var. Əvvəllər xəbər portalına sahib olmaq üçün ən azı bir Notebook tələb olunurdusa, indi saytları adi cib telefonlarına sığışdırırlar. Bəzən küçədə yanımızdan ötüb-keçən adamın cibində iki-üç internet qəzet gəzdirdiyindən xəbərimiz olmur.

 

Bu portalların əksəriyyəti bir-birini təkrarlayır, ictimai fikrə təsir etmək imkanına malik olmur. Jurnalist adına ləkə olan bəzi dəllallar rəhbərlik etdikləri saytlara “çörək ağacı” kimi baxırlar. Onlar şantaj yolu ilə pul qazanmağı özlərinin həyat amalı hesab edirlər. İnsan öz qiymətini beş-on manat pulla ölçəndə bir qarın yemək üçün yaşamalı olur...

 

İnternet qəzetlərin sayının artması üzündən virtual məkanda at izi it izinə qarışıb. Yüzlərlə xəbər portalı öz mövcudluğunu bir-iki ciddi informasiya agentliyinin hesabına davam etdirir. İnternet jurnalistikasında “copy paste” özünün “çiçəklənmə” dövrünü yaşayır. Jurnalist intuisiyasından və istedaddan məhrum olan böyük çoxluq yaradıcı azlığın əməyini mənimsəməklə məşğuldur.

 

Yazılı mətbuatdan fərqli olaraq, virtual aləmdəki “reket”lərə nəzarət etmək daha çətindir. Çünki onların daimi oturduqları redaksiya yoxdur, telefonlarına isə adətən, “zəng çatmır”. Bu adamların mövcudluğundan əsasən şantaj etdikləri şəxslər xəbər tuturlar. Heç birimiz onların “qurbanına” çevrilməkdən sığortalanmamışıq. Təəssüf ki, 10-12 il əvvəl yazılı mətbuatı nüfuzdan salan adamlar indi elektron KİV-ləri gözdən salmaqla məşğuldurlar...

 

Ciddi mətbuatdan uzaqlaşdıqdan sonra asan yolla pul qazanmağa can atan həmkarlarımdan biri ötən gün məni arayıb, yeni yaratdığı sayt haqda məlumat verdi. Dərhal da əlavə etdi: “Vaxtın olanda baxıb, fikrini mənə deyərsən”.

 

Özümü məşğul adamlar kimi göstərmək həvəsim olmadığı üçün onu çox intizarda qoymadım: “Bu dəqiqə baxaram”.

 

Həmkarımın qabiliyyətinə bələd olduğum üçün onsuz da fərli-başlı bir şey gözləmirdim. Günün birinci yarısında başqa saytlarda oxuduğum xəbərləri yenidən gözdən keçirib, diqətimi “Eksklüziv” rubrikası altında təqdim olunmuş xəbərin üstündə cəmlədim. Başlıq belə idi: “Yardımlıda ev yanıb”.

 

Beş cümləlik xəbərdə 6  səhv vardı. Cümlələrin əksəriyyətində xəbərlə mübtədanın yeri dəyişik düşmüşdü. Hətta yanğının fəsadları barədə məlumat da dolğun deyildi. Bunu məndən rəy gözləyən həmkarımın diqqətinə çatdıranda, cavabı belə oldu: “İndi vacib olan operativlikdir”.

 

Heç nə demədim. Çünki bu ağlın yiyəsinə nəsə deməyin mənası yox idi.

 

P.S.

Bu sətirlərə bir neçə dəqiqə ara verib, yenidən həmin sayta nəzər saldım. Həmkarımın ölkədə baş verən yanğın və qəzalarla bağlı bir neçə “eksklüziv”i vardı. Kriminal xəbərlərin saytda yerləşdirilməsinə normal baxsam da, keçmiş iş yoldaşımın bu məlumatları qırmızı fonda təqdim etməsinin səbəbini heç cür başa düşə bilmədim.

 

P.P.S.

Həmkarımın ayrı-ayrı insanların faciəsindən bəhs edən xəbərləri “Eksklüziv” rubrikası altında yaymasının bir səbəbi ola bilər: görünür, onun işi-gücü ancaq bəd xəbər axtarıb tapmaqdan ibarətdir. Adamın bu işə əməlli-başlı həvəsi var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1508
avatar

Seymur Verdizadə

Oxşar yazılar