Bakı Dövlət Universitetində (BDU) narazı tələbələrlə BDU rəhbərliyi və Təhsil Nazirliyi nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə universitetin IV kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvar ayında “Slavyan ölkələrinin tarixi” fənnindən imtahan verdiyini, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini deyib. Lent.az-ın məlumatına görə, R. Kiçiyeva bildirib ki, məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin müvafiq şöbələrində qəbulda olsa da, ona hər hansı cavab verilməyib.
Rektor Abel Məhərrəmov isə həmin tələbəni yaxşı tanıdığını deyib. Onun sözlərinə görə, həmin tələbə 4 illik tələbəlik dövründə 3 dəfə universitetdən xaric olunaraq yenidən bərpa olunub: “Hər bir vasitə ilə ona köməklik edilib. Lakin həmin tələbənin bu qədər insan qarşısında belə fikirlər səsləndirməsi düzgü deyil”. Ona görə də A. Məhərrəmov universitetin hüquqşünasına tapşırıb ki, tələbə böhtan atdığına və müəllimi şərlədiyinə görə onun işi məhkəməyə verilsin: “Universiteti hər dəli, ağılsız tələbə qarışdıra bilməz. Cəmiyyəti qoyun inkişaf etsin”.