Bazar günü sonuncu qəbul imtahanıdır
18 iyul 2014 12:29 (UTC +04:00)

Bazar günü sonuncu qəbul imtahanıdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Lent.az-ın məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada keçiriləcəkdir. İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb olunacaq. 



İmtahanda 31326 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15562 abituriyent II qrup üzrə, 15764 abituriyent III qrup üzrə imtahan verəcək. 
Abituriyentlərdən 28178 nəfəri (II qrup üzrə 13689 nəfər, III qrup üzrə 14489 nəfər) Azərbaycan bölməsinin, 3148 nəfəri (II qrup üzrə 1873 nəfər, III qrup üzrə 1275 nəfər) isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 13824 nəfəri (II qrup üzrə 9710 nəfər, III qrup üzrə 4114 nəfər) oğlanlar, 17502 nəfəri (II qrup üzrə 5852 nəfər, III qrup üzrə 11650 nəfər) isə qızlardır. 

24 nəfər ali təhsil müəssisələrinin, 1620 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 158 abituriyent xarici ölkələrin vətəndaşıdır.  Ən yaşlı abituriyent 1990-cı ildən, ən gənci isə 1997-ci ildəndir. 

Bakı şəhərində 13520, Naxçıvanda 1821, Gəncədə 3829, Sumqayıtda 1653, Mingəçevirdə 1544, Şəkidə 1986, Ağcabədidə 1229, Göyçayda 1452, Şirvanda 1186, Lənkəranda 1866, Xaçmazda isə 1240 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. 

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 12-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. 
Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. 

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. 

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811

Oxşar yazılar