Batumidə Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilib
24 fevral 2017 11:11 (UTC +04:00)

Batumidə Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilib

Azərbaycanın Batumidəki Baş Konsulluğu tərəfindən fevral ayının 23-də Xocalı soyqırımının 25-ci  ildönümünə həsr olunmuş mərasim keçirilib. Lent.az-ın məlumatına görə, Xocalı soyqırımı zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Baş konsul Rəşad İsmayılov çıxış edərək, soyqırım haqqında qonaqlara ətraflı məlumat verib, bu faciənin Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri olduğunu deyib. O qeyd edib ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görməyib. Yalnız Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.

 

Sonra Acarıstanın tanınmış gənc incəsənət xadimlərinin  iştirakı ilə Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş gürcü dilində video çarx nümayiş olunub. Baş Konsulluğun təşəbbüsü ilə hazırlanan  video çarxda, gürcü  gənclər öz ana dillərində qardaş xalqın 25 il əvvəl başına gətirilən, insanlığa qarşı edilmiş cinayət əməli haqqında öz həmvətənlərinə məlumat veriblər. Video çarxda gürcü gənclərin təqdimatı ilə yanaşı Xocalıdan çəkilmiş video xronikalar da yer alıb. Bu video çarx Gürcüstan vətəndaşlarını Xocalı faciəsi haqqında düzgün məlumatlandırmaq və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan bir addımdır.

 

Tədbirdə həmçinin, “Xocalıda son gecə” sənədli filmi gürcü dilinə tərcümə olunaraq nümayiş olunub.

 

Tədbirdə Acarıstanın dövlət qurumlarının təmsilçiləri, parlament üzvləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti , "SOCAR" şirkətinin, Kulevi terminalının rəhbər heyəti və əməkdaşları, Batumidəki icmaların rəhbərləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

 

Tədbirin keçirildiyi salonun foyesində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyası çərçivəsində, Baş konsulluq  tərəfindən gürcü dilinə tərcümə edilən “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı  iştirakçılara təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar