Baş Prokurorluq korrupsiya ilə bağlı planı təsdiq edib
25 oktyabr 2013 18:00 (UTC +04:00)

Baş Prokurorluq korrupsiya ilə bağlı planı təsdiq edib

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş prokuror Zakir Qaralov ölkə başçısı İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində verdiyi tapşırıq və tövsiyələrə, habelə oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciəti və andiçmə mərasimi zamanı korrupsiyaya qarşı mübarizənin ümumxalq işi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli nitqindən irəli gələn vəzifələrin vacibliyini qeyd etməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd edib.

 

Müşavirədə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, bu sahədə mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, əməliyyat tədbirlərinin intensivləşdirilməsi, cinayət işləri üzrə ibtidai istintaqın qanunla nəzərdə tutulmuş müddətlərdə tam və hərtərəfli aparılması, cinayət törətmiş bütün şəxslərin müəyyən edilməsi ilə cinayətkar şəbəkənin üzvlərinin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi vurğulanıb. Fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilməsi, sərt cəza tədbirlərinin tətbiqinə nail olunması, son dərəcə mühüm əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, korrupsiyaya daha çox uğramış sahələr üzrə mövcud normativ aktların təhlil edilməklə müvafiq təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi tələb edilib.

 

Müşavirədə həmçinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bütün məlumatların tam və düzgün araşdırılması, vətəndaşların qəbulu və onların müraciətlərinə diqqətlə yanaşılması və operativ reaksiyanın verilməsi, digər dövlət orqanları ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsi, idarənin fəaliyyətində müasir texnikadan və elektron xidmətlərdən istifadənin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bu sahədə müsbət nəticələrə nail olmuş ölkələrin təcrübəsinin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması, xüsusən idarə əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizəyə dair mühazirələrin  keçirilməsi, idarənin kadr potensialının gücləndirilməsi, hər bir əməkdaşın peşə hazırlığının və məsuliyyət hissinin artırılması istiqamətində qurumun fəaliyyətinin təkmilləşdirilməsi  qərara alınıb.

 

Əməliyyat müşavirəsində “Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tapşırıq və tövsiyələrinin icrasına dair Tədbirlər Planı” təsdiq edilib.

 

Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində ən qətiyyətli  tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135
avatar

Oxşar yazılar