Baş nazirin müavini: "Həkimlər xəstələrə "minnət" qoyur ki..."
“Hazırkı şəraitdə dövlət tibbi müəssisələri büdcədən maliyyələşir və bunun müqabilində pasientlərə bütün zəruri tibb xidmətləri göstərilməlidir. Lakin tibb müəssisəsində belə bir yanlış fikir formalaşıb ki, onlar vətəndaşlara sanki "pulsuz" xidmət göstərir”. Lent.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, səhiyyə müəssisəsi, həkimlər və tibb personalı "unudur" ki, xəstəxanaya büdcədən vəsait ayrılması, xəstəxananın xərclərinin büdcə vəsaitləri hesabına qarşılanması mahiyyət etibarı ilə insanlara göstərilən xidmətlərə görə ödənən haqdır. “Belə yanlış qavrama ona görə meydana gəlib ki, müalicə müəssisəsi ayrılan büdcə vəsaitini, həkim və tibbi personal isə maaşlarını göstərdiyi konkret xidmətə və onun keyfiyyətinə görə deyil, sadəcə, fəaliyyət göstərdiyinə görə alır. Həkim və tibb personalı tibbi xidmət göstərdi ya göstərmədi, yaxşı və ya pis xidmət göstərdi, fərq etmir, əməkhaqqını alır. Eləcə də tibb müəssisəsi. Müraciətlər olur ya yox, fərq etməz, bütün zəruri xərclər, o cümlədən personalın əməkhaqqı ödənilir. Bunun sayəsində istər səhiyyə müəssisəsi olsun, istər həkim, ona müraciət edən vətəndaşa göstərdiyi xidməti onun boynuna, yumşaq şəkildə desək, bir "minnət" kimi qoyur. İcbari tibbi sığorta sistemi hər şeydən əvvəl, səhiyyədə müşahidə edilən bir çox problemlərin səbəbi kimi çıxış edən bu münasibəti dəyişdirmək məqsədi daşıyır. İcbari tibbi sığorta sistemində nə tibb müəssisəsi, nə də tibb personalı ona müraciət edən vətəndaşın boynuna minnət qoya biləcək. İstər tibb müəssisəsi olsun, istərsə də həkim, dərk etməli olacaq ki, aldığı vəsait və ya məvacib göstərdiyi xidmətə görə vətəndaşın və ya onun əvəzinə dövlətin artıq konkret olaraq, buna diqqət vermək lazımdır, tibb müəssisəsinə ödəmələrindən asılıdır”.
Ə. Əhmədov bildirib ki, paralel olaraq rollar da dəyişəcək: “İndi vətəndaş ödədiyi (və ya dövlətin konkret onun üçün ödədiyi) haqqın müqabilində ona keyfiyyətli xidmət göstərilməsini tələb edə biləcək. Bir yandan dövlətin ayırdığı vəsait daha səmərəli istifadə olunacaq, digər yandan isə neqativ hallar aradan qalxacaq. Həkim sadəcə, işlədiyinə, işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə və onun keyfiyyətinə görə maaş alacaq. Səhiyyə müəssisəsinin maliyyələşməsi də eyni prinsip əsasında həyata keçiriləcək”
1779