Bu gün Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. Ali Məktəbdən Lent.az-a verilən məlumata görə, ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, bir çox dövlət rəsmilərinin, eləcə də Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliyevin Bakı Ali Neft Məktəbində yerləşən büstünü ziyarətlə başlayıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2014-2015-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış abituriyentləri və bu ali təhsil müəssisəsində təhsil alan, semestr imtahanlarında uğurlu nəticələr əldə edən tələbələri yeni tədris ili münasibəti ilə təbrik edib. E. Qasımov bildirib ki, cəmi 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, əldə etdiyi yüksək nəticələrə əsasən, Bakı Ali Neft Məktəbi ali təhsil ocaqları arasında lider olub. Rektorun sözlərinə görə, 2012/2013-cü tədris ilində bu ali təhsil ocağına qəbul üzrə orta keçid balı 631, 2013/2014-cü tədris ilində 656, 2014/2015-ci tədris ilində isə bu göstərici 668 bal olub. Məhz builki nəticə Azərbaycanda tələbə qəbulu üzrə ən yüksək göstərici hesab olunur. 2012/2013-cü tədris ilində BANM-ə qəbul olunan abituriyetlərin 11-i , 2013/2014-cü tədris ilində 15-i, 2014/2015-ci tədris ilində isə 17-si prezident təqaüdünə layiq görülüb.
Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini qeyd edən E.Qasımov bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsinin olduqca önəmli məsələ olduğunu vurğulayıb. O, prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının Bakı Ali Neft Məktəbinin timsalında nümunə olduğunu bildirib.
Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri “Bilik Günü” münasibəti ilə təbrik edib.
Bakı Ali Neft Məktəbinin tələbələrini test imtahanlarında əldə etdikləri yüksək nəticələrə və tələbə adını qazandıqlarına görə təbrik edən TQDK sədri M. Abbaszadə bildirib ki, onların daxil olduqları ali məktəb yeni yaranmasına baxmayaraq, ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olub.
Tədbirin sonunda BANM-in rektoru qonaqlarla birlikdə ali məktəbin ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələrin, həmçinin 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə biletlərini təqdim edib.