Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Lent.az-a Ali Neft Məktəbindən məlumat verilib. Tədbirdə Milli Məclisin üzvü, millət vəkili Ceyhun Osmanlı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov və BANM-nin kollektivi iştirak ediblər. Tədbir Xocalı Abidəsini ziyarətlə başlayıb.
Xocalı Abidəsini ziyarət etdikdən sonra Bakı Ali Neft Məktəbində təşkil olunmuş mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlarından biridir.
Tədbirdə iştirak edən millət vəkili Ceyhun Osmanlı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri O. Əkbərov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov öz çıxışında bildiriblər ki, Xocalı Soyqırımı ilə bağlı dövlətimiz tərəfindən vahid siyasət həyata keçirilməkdədir. Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən sosial şəbəkələrdə istifadə olunmaq üçün ingilis dilində hazırlanmış “ Xocalı Soyqırımı “ video çarxı nümayiş olunub.