BAMF Ağcabədidə tədbir keçirib
04 sentyabr 2014 10:17 (UTC +04:00)

BAMF Ağcabədidə tədbir keçirib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədi ilə yerli vətəndaş cəmiyyəti təşkilatlarının və icma əsaslı təşkilatların potensialının artırılması” layihəsi çərçivəsində Ağcabədidə şəhər toplantısı keçirilib. BAMF-dən Lent.az-a verilən məlumata görə, tədbir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Toplantıda Ağcabədi rayon icra hakimiyyətinin başçısının müavini Əbülfət Tapdıqov,  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov, BAMF-ın sədri Umud Rəhimoğlu, BAMF-ın departament rəhbəri Ayaz Nizamioğlu iştirak ediblər. Həmçinin yerli icra strukturlarının, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin, rayon hüquq mühafizə orqanlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon şöbəsinin nümayəndələri də tədbirə qatılıblar. Toplantıda layihə haqqında ümumi məlumat verildikdən sonra layihənin təqdimatı olub.

Təqdimatdan sonra Ağcabədidə məskunlaşan məcburi köçkünlər üzləşdikləri problemləri səsləndiriblər. U.Rəhimoğlu və yerli icra strukturunun nümayəndələri köçkünlərin suallarını cavablandırıblar. Toplantıda qaldırılan problemlərin həlli yolları ilə bağlı təkliflər də irəli sürülüb. Eyni zamanda layihə fəaliyyətinin gücləndirilməsi üçün biznes, kənd təsərrüfatı və  təhsillə bağlı təlimlərin daha da genişləndirilməsi müzakirə olunub.

 

Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov da çıxış edib. O, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işindən də danışıb: “Biz  Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq edirik. Bu da çox faydalı olur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar