Azərbaycanın yerləşdiyi Qafqaz regionu geostrateji mövqe baxımından yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Şərqlə Qərb arasında keçid rolunu oynayan Azərbaycan istəsə də, istəməsə də yeni dünya düzəninə qarışır. Çünki Avrasiya dünya siyasətinin mərkəzi arenası olduğundan bu bölgədə yerləşib bitərəf qalmaq mümkün deyil.Avropa ilə Asiyanın qızıl körpüsü hesab olunan Azərbaycan dünya siyasətini müəyyənləşdirən dövlətlər üçün həyati əhəmiyyətli geosiyasi məkandır.
Azərbaycanın bugünkü inkişafı, milli strategiyası, dövlət quruculuğu sübut edir ki, balanslaşdırılmış strategiya dövlətin siyasi mövcudluğunu təsdiqləyən amildir. Xarici siyasətdə hissiyyatlar arxa plana keçməli, hissiyyatlar üzərində qurulmuş siyasət qarşılıqlı faydalı iqtisadi və strateji əməkdaşlıq münasibətləri çərçivəsində davam etdirilməlidir.Mühüm strateji oriyentirləri dəqiq hədəfə almaqla adekvat qərarlar qəbul etməyə üstünlük verən Azərbaycanın strateji konsepsiyası həm yaxın xarici ölkələrin iştirakı ilə formalaşan regional çağırışları, həm də uzaq xarici dövlətlərlə qarşılıqlı əlaqələr müstəvisində formalaşan qlobal çağırışları təhlil edərək, dəqiq taktiki gedişlər sayəsində böyük dövlətləri və güc mərkəzlərini Azərbaycanla hesablaşmağa sövq etdi. Azərbaycan Qərb və Şərqlə, region ölkələri ilə əlaqələri milli maraqlar üzərində qurulmuş konsepsiya əsasında sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmışdır. Təbii sərvətlər və neft amili özünəməxsus siyasi həssaslıqla dövlətçilik maraqlarının reallaşdırılmasında mühüm təsir vasitəsinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-qars dəmir yolu regionun və bütövlükdə dünyanın tərəqqisinə, sülh, əmin-amanlıq, sabitlik kimi təməl prinsiplərə xidmət edir.
Cənubi Qafqaz regionu və onun ən perspektivli ölkəsi olan Azərbaycan qlobal, regional və regiondan kənar qüvvələrin böyük diqqət mərkəzində saxladığı ərazidir. Burada ikitərəfli və çoxtərəfli müstəvidə maraqlar cəmləşmişdir. Balanslı xarici siyasət konsepsiyasının uzaqgörənliyi ondan ibarətdir ki, məhz bu
konsepsiya bu gün də Azərbaycan dövləti qarşısında duran problemləri həll etməyə qadir olan yeganə konsepsiyadır.
Nailə Məmmədova
Azerbaijan Realities