Serbiya prezidenti Tomislav Nikoliçin Bakıya rəsmi səfəri ilə əlaqədar paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, fevralın 7-9 da baş tutacaq rəsmi səfərlə bağlı Aeroport şosesindən Heydər Əliyev prospektinə, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi, İstiqlaliyyət küçələri, 10-cu dairə, Lermantov, Mehdi Hüseyn, Teymur Elçin küçələri, Parlament prospekti, Şəhidlər xiyabanı və Fəxri xiyaban istiqamətində hərəkət fasilələrlə məhdudlaşdırılacaq.
Qeyd olunan istiqamətlərdə hərəkət geriyə olmaqla da məhdudlaşdırılacaq və bu səbəbdən sürücülərdən qeyd olunan yollardan nisbətən az istifadə etmələri xahiş olunur. Həmçinin, həmin istiqamətdə hərəkətin fasilələrlə məhdudiyyət tətbiq ediləcəyini nəzərə almaqla alternativ yollarla getmək də təklif olunur.
Qeyd olunan günlərdə nəqliyyat vasitələrinin park edilməsinə də bəzi ərazilərdə məhdudiyyətlər qoyulacaq.