Bakıda restoranda qanun pozuntusu aşkarlandı
30 iyun 2014 14:24 (UTC +04:00)

Bakıda restoranda qanun pozuntusu aşkarlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 9 ünvanında yerləşən fiziki şəxs Həsənov Yaşar Şahbaz oğluna məxsus “Çinarlı” restoranında göstərilən xidmətin standartların tələblərinə uyğunluğu araşdırılıb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.

Yoxlamalar nəticəsində aşkar olunub ki, restoranda bir neçə gün qabaqcadan hazırlanmış qazan yeməkləri yenidən qızdırılaraq müştərilərə təqdim edilir. Müəssisədə hazırlanan lülə kababdan nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) sınaq laboratoriyasına təqdim edilib. Götürülmüş nümunənin müayinəsi nəticəsində kababın tərkibində ümumi mikroorqanizmlərin və bağırsaq çöpü qrupundan olan mikroorqanizmlərin sayının normadan kifayət qədər fərqləndiyi aşkar edilib.

Həmçinin, müəssisədə yeməklərin hazırlanması zamanı hər hansı təsdiq edilmiş resepturadan istifadə olunmadığı, soyuducularda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna riayət edilmədiyi, istismar olunan ölçmə vasitələrinin dövlət yoxlanışından keçirilmədiyi aşkar edilib. Bundan başqa müəssisədə realizasiyası həyata keçirilən müxtəlif növ alkoqollu və alkoqolsuz içkilərin, həmçinin, məhsul istehsalında istifadə edilən xammalların gigiyenik və uyğunluq sertifikatları, istifadə olunan heyvan ətinin baytarlıq müayinəsindən keçirildiyini təsdiq edən sənəd, hazırlanan yeməklərin sınaqlarının aparılması ilə bağlı müayinə protokolları, işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı restoran rəhbərinə inzibati protokol tərtib edilib, standartların tələblərinə uyğun gəlməyən məhsulların hazırlanması və satışı qadağan edilib.

# 1205

Oxşar yazılar