Bakıda qəbiristanlıq üçün böyük ərazi ayrılıb. Lent.az-ın məlumatına görə, ərazi Yasamal rayonu ərazisində, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında dağətəyi ərazidə, yamacda bir neçə hektarı əhatə edəcək. Bura həm də Bakının ən böyük qəbiritanlığı olan, özündə həm yəhudi, həm xristian, həm müsəlman qəbiristanlıqlarını, eyni zamanda 2-ci Fəxri Xiyabanı birləşdirən Yasamal qəbiristanlığına (buraya həm də Qurd qapısı qəbiristanlığı deyilir) da xeyli yaxındır.
Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən Lent.az-a verilən məlumata görə, Bakıda ümumilikdə 100-dən artıq qəbiristanlıq var. Bu qəbiristanlıqlardan şəhərin mərkəzinə yaxın ərazilərdə yerləşənlərdə, xüsusi ilə də Əhmədli və Keşlə qəbiristanlıqlarında boş yer demək olar ki, qalmayıb. Odur ki, yeni ərazilərin ayrılması zərurəti yaranıb və bu məsələ gündəmdədir.
“Böyük Bakının Regional İnkişaf Planı» Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı Lent.az-a bildirib ki, Bakının yeni hazırlanmış konseptual planında qəbiristanlıqlar üçün ərazi məsələsi də öz əksini tapıb: “Qəbiristanlıqlar əsasən yararsız torpaqlarda, dağətəyi yamaclarda, əkin üçün istifadə edilməyən hissələrdə salınmalıdır. Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq”.