“Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən iyunda paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək”. Lent.az-ın məlumatına görə, bunu BŞTİ müdirinin birinci müavini vəzifəsini icra edən Elnur Əliyev bildirib. O qeyd edib ki, sınaq qiymətləndrilməsi 3 istiqamətdə - fənn, metodika, kommunaktiv qabiliyyətə dair sorğu əsasında aparılacaq. “Sınaq qiymətləndirilməsinin fənn istiqaməti -müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək.
Sınaq qiymətləndirilməsinin metodika istiqaməti üzrə tapşırıqları - kurrikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir. Kommunaktiv qabiliyyətə dair sorğu - müəllimlərin şagirdlərlə ünsiyyət qurma, özünü idarəetmə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir”.
E. Əliyev onu da vurğulayıb ki, sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. “Qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək.
Sınaq qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sisteminin yaradılmasına başlanılması nəzərdə tutulur”.
Müdir müavini onu da bildirib ki, qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə fəaliyyəti, stimullaşdırıcı meyarlar da dəyərləndiriləcək və yeni yanaşmaya uyğun yeni təlim proqramları hazırlanacaq. “Bu proses həmçinin müəllimlərin ixtisasartırması və yenidən hazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edəcək, əmək fəaliyyəti və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaq”.
Müəllimlərin attestasiyasının necə keçiriləcəyi açıqlandı - YENİLƏNİB
4075