Bakıda hoqqa çıxaran avtoşu niyə həbs ediblər?
26 may 2014 12:09 (UTC +04:00)

Bakıda hoqqa çıxaran avtoşu niyə həbs ediblər?

Bakıda toy kortejində VAZ-2107, 90 XF 766 dövlət nömrə nişanlı avtomobillə xuliqanlıq edən sürücü ilə bağlı maraqlı məlumat yayılıb. Lent.az-ın xəbərinə görə, avtosfer.az saytına daxil olan məlumatda Şüvəlan qəsəbəsində qeydiyyatda olan Fuad Rəsulovun avtoşluğa görə yox, polisə müqavimətə görə həbs olunduğu deyilir.

 

Sosial şəbəkələrdə avtomobili toy karvanında tərsinə sürən şəxslə bağlı videomateral yayıldıqdan sonra polisin keçirdiyi tədbirlər nəticəsində sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb. F.Rəsulovla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Rəsulova 30 sutkalıq inzibati həbs cəzası verilib.

 

Avtosfer.az saytının apardığı araşdırma nəticəsində məlum olub ki, əslində, yol polisi avtoşluq edən sürücü F.Rəsulovu aşkar etdikdə onun törətdiyi əməlin 2 il əvvəl baş verdiyini bilirmiş. Lakin Fuadın dərhal tapılıb cəzalandırılması barədə yüksək dairələrdən göstəriş verildiyi üçün Dövlət Yol Polisi əməkdaşları başqa üsul seçiblər. F.Rəsulov məhkəməyə avtoxuliqan kimi yox, polisə tabel olmayan şəxs kimi təqdim olunub. Xəzər rayon məhkəməsi də bu əmələ görə Fuad Rəsulov barəsində 30 sutka həbs qərarı çıxarıb.

 

F.Rəsulovun atası Əbdül Rəsulov da açıqlamasında bildirib ki, həqiqətən də oğlu avtoxuliqanlıq əməlinə görə yox, polisə müqavimət adıyla məsuliyyətə cəlb edilib: “Bu hadisə 2 il əvvəl baş verib. Buna görə adam tutmaq doğru deyil. Saytlarda da məlumatı yayanda yazmayıblar ki, hadisə 2 il əvvəl baş verib. General da baxıb videoya, göstəriş verib ki, tutub cəzalandırsınlar. Polis də oğlumu tutub bölməyə aparanda sənədə qol çəkdiriblər ki, guya polisə tabe olmayıb. Amma bunu qanunsuz sayırıq. Biz rəhbərliyin göstərişinə qarşı çıxmırıq. Ancaq belə də olmaz axı. Fuadın 3 uşağı var və əməlindən peşmandır”.

 

Ekspert Ərşad Hüseynov isə hansısa hakimin belə bir kobud səhvə yol verərək iki il əvvəl baş vermiş hadisəyə görə sürücüyə həbs verilməsinə inanmadığını söyləyib: “Törədilmiş inzibati xətanın üstündən 2 ay müddət keçirsə və bu müddətdə heç bir tədbir görülmürsə, o, xətaya görə şəxsi cəzalandırmaq doğru deyil”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472
avatar

Oxşar yazılar