Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forum keçiriləcək
05 sentyabr 2014 12:26 (UTC +04:00)

Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forum keçiriləcək

Bakı ilk dəfə olaraq Gənclər siyəsəti üzrə I Qlobal Foruma ev sahibliyi edəcək. Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, 28-30 oktyabr tarixlərində keçiriləcək Foruma 700-dən artıq iştirakçı qatılacaq.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində gerçəkləşən tədbirdə dünyanın 160 ölkəsindən parlament rəsmilərinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və s. rəsmilərin iştirakı göslənilir. 60-a yaxın ölkənin nazir və nazir müavinləri iştiraklarını təsdiq ediblər.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır.
Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.

 

Qeyd edək ki, BMT-nin Baş Katibi Pan-ki Mun ikinci dəfə tutduğu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti olduğunu vurğulamışdı. Azərbaycan gənclər siyəsitini dəstəkləyən və müxtəlif layihələri təqdim edən ölkələrdən biridir. BMT-nin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavinin Azərbaycana rəsmi səfəri zamanı Forumun ölkəmizdə keçirilməsi üzrə razılığa gəlinib və hazırlıq işlərinə başlanılıb.


Foruma dünyanın müxtəlif ölkələrindən çox böyük maraq var. Son məlumatlara əsasən, forumda iştirak üçün 4705-dən artıq müraciət daxil olub. Forumun Facebook şəbəkəsində 10 000, Twitter-də isə 1000-dən artıq bəyənib, izləyəni var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar