18 nömrəli Bakı Peşə Liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası üzrə “BOSCH” Resurs Mərkəzinin və “Bərbər” ixtisası üzrə tədris emalatxanasının açılışı olub. Lent.az-ın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və “BOSCH” şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak edib.
Tədbirin açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün dünyada uğura nail olmuş və inkişaf etmiş ölkələrin əldə etdiyi əsas üstünlük məhz bilikdən, peşəkarlıqdan, insan kapitalının elm kapitalına çevrilməsindən irəli gəlir. Onun sözlərinə görə, məhz bu məqsədləri nəzərdə tutaraq ölkə başçısı hər zaman təhsilin inkişafına, maddi-texniki bazanın gücləndirilməsinə, həm də təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunmasına daim diqqət göstərir. Nazir qeyd edib ki, ölkədə peşəkar kadrların hazırlanması istiqamətində də nazirlik həm ölkə, həm də xarici şirkətlərlə əməkdaşlıq edir və gələcəkdə də edəcək: “Peşə təhsilinin inkişafı ölkəmiz üçün mühümdür. Çünki Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına daimi olaraq müasir peşəkarlar lazımdır”. Ölkənin inkişaf potensialının və tempinin çox yüksək olduğunu deyən nazir vurğulayıb ki, ölkədə müasir zamanın tələbatlarına cavab verən peşəkarlar hazırlanmalı və onlara sənət öyrədilməlidir. Onun sözlərinə görə, həm Azərbaycanın daxili iqtisadi tələbləri üçün, həm də gələcəkdə regional əmək bazarları üçün ölkə peşəkar kadrların hazırlanması mərkəzə çevrilməlidir: “Buna nail olmaq üçün ən müasir və yeni texnologiyaların, biliklərin, təcrübələrin Azərbaycanın peşəkarlıq sahəsinə gətirmək lazımdır. Məhz buna görə Təhsil Nazirliyi həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşıq sayəsində peşəkarların hazırlanmasına diqqət yetirir”.
Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger də Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkədə peşəkar kadrlara ehtiyac olduğunu deyib. O bildirib ki, Almaniya hökuməti də hər zaman peşəkar kadrların hazırlanmasında Azərbaycana dəstək göstərməyə hazırdır.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, peşə liseyində yeni mərkəzlərin açılması ümumilikdə gənclərin əlavə ixtisaslara yiyələnməsi üçün əlavə imkanlar yaradacaq.
Qeyd edək ki, Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılması və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağın artırılması, peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
Bakı Peşə Liseyində yeni resurs mərkəzi və tədris emalatxanası açıldı
1056