Saat 9-a 15-dəqiqə qalıb. Bu o deməkdir ki, Bakı sakinlərinin çoxu işə tələsir. Bakının mərkəzinə avtomobillər şəhər ətrafı qəsəbələrdən, Sumqayıt və Xırdalandan gəlir. Hər səhər Bakı -Sumqayıt yolundna ucu bucağı bilinməyən böyük bir tıxac yaranır.
Nəqliyyat üzrə ekspertlərin fikrincə, hər gün Bakıya bu istiqamətdə 50 minə qədər avtomobil daxil olur. Bakı şəhər Dövlət Yol Polisinin statistikasına əsasən, Bakıda 720 min minik avtomobili qeydiyyatdadır. Hərəkət 630-a yaxın yol ayrıcı və 230-a yaxın işıqforlu yol birləşməsi ilə tənzimlənir. Buna baxmayaraq, problem həll olunmaz qalır. Hələlik havalar tam soyumayıb, yağış və qar yağmır. Buna baxmayaraq tıxaclar yenə mövcuddur. Müşahidələrimiz isə onu göstərir ki, havalar soyuduqda tıxacların sayı ikiqat artır. Yağış, qar, kanalizasiya problemi üzündən yollar bərbad hala düşür. 20 Yanvar metro stansiyasına yaxınlaşdıqca isə nəqliyyat sıxlığı daha çox müşahidə edilir.
Tıxaclar Bakı - Sumqayıt yolunun Xırdalan dairəsindən 20 yanvar stansiyasına qədər uzanır. Bura Şamaxinka deyilən ərazidir ki, burda hər səhər olduğu kimi bu gün də yolun hər iki tərəfində nəqliyyat sıxlığı müşahidə edilir.
APA TV-nin apardığı müşahidəyə əsasən demək olar ki, 20 yanvar metrosunun yaxınlığında körpü inşa olunsa da, buradan çox az sayda maşın istifadə edir. Səbəb isə metrodan və ya digər nəqliyyat vasitələrindən geniş istifadə edən sərnişinlərin problemlərinin nəzərə alınmamasıdır. Çünki metroya tələsən sərnişinin maşını körpünün üzərində saxladaraq düşməsi mümkün deyil. Ona görə də istər taksilər, istər şəxsi avtomobillər, istərsə də marşrut avtobusları körpüyə deyil, metronun çıxışlarına üz tutur. Bu da əvvəlki kimi “20 Yanvar” metrosu ətrafında tıxacların əmələ gəlməsinə səbəb olur. Avtomobil sıxlığı sürücülərin təyinat yerinə gec çatması ilə yanaşı, həmin küçələrdə havanın ifrat çirklənməsinə də səbəb olur.
Şamaxinka ərazisində isə vəziyyət daha acınacaqlıdır. Burada problem yaradan amillərdən biri avtobus dayanacağının düzgün yerdə qoyulmamasıdır. Ərazidə “Dayanmaq qadağandır” işarəsinin qoyulmasına baxmayaraq, avtobuslar işarəyə məhəl qoymadan sərnişinləri qəbul edir. Halbuki, Sumqayıt istiqamətinə sərnişin daşıyan avtobusların son dayanacağı Bakı Avtovağzal Kompleksidir. “Şamaxinka”da bu qeyri-qanuni hesab olunan dayanacağın 100 metrliyində nəqliyyat müfəttişləri keşik çəksələr də, bu qanunsuzluğa göz yumurlar.
- Bax, görürsüz burda nişanı. Burda saxlamaq olmaz. Amma gələn-gedən burda saxlayır maşını. Ona görə də bu qədər tıxac yaranır.
Qarışıqlıq yaradan ikinci amil isə burada yol nişanlarıdır. Geriyə dönmə nişanı qoyulsa da, heç bir avtomobil sahibi məhəl qoymur. Əslində heç mümkün də deyil. Çünki həmin işarədən bir qədər aralıda qoyulan maneəni sağdan və ya soldan keçmə nişanı var, bu isə sürücülərdə çaşqınlıq yaradır. Bir sözlə bu ərazidə yollar dolaşıq və qarışıqdır. Bu isə yeni qəzaları qaçılmaz edir. Qısacası, tədbir görmək zamanıdır.