Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 196-283.8-ci km-lik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası tam olaraq yekunlaşıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb.
Magistralın Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlaxhissələrində “Azəravtoyol” ASC-nin rəhbərliyinin müdaxiləsi ilə gecikmələrə səbəb olan problemlərin həll edilməsi, mütəmadi olaraq işlərin gedişi ilə yerindəcə tanış olaraq, müvafiq tapşırıq və tövsiyyələrin verilməsi sayəsində işlər sürətləndirilib.
Nəticədə qısa zaman ərzində tikinti-quraşdırma işləri magistral avtomobil yolunda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkəti dayandırılmadan yerinə yetirilib, bütün işlər beynəlxalq tikinti və normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq sözügedən hissələr istismara hazır vəziyyətə gətirilib. Yaxın gələcəkdə isə magistralın Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi hissəsinin də yenidənqurulmasına başlanılması planlaşdırılır.
Sözügedən hissənin uzunluğu 87,8 km-dir və layihə çərçivəsində 4 ədəd yol qovşağı, 5 ədəd su üzərindən körpünün inşası həyata keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.
-