Badamdar qəsəbəsində 2012-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, 329 saylı tam orta məktəbdə təşkil olunmuş tədbirdə hesabat məruzəsi ilə çıxış edən Səbail RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirib ki, qəsəbədə hazırda 23 min 600 nəfər əhali yaşayır, burada həmçinin 2196 nəfər məcburi köçkün məskunlaşıb: “2012-ci il qəsəbə üçün çox əlamətdar il olub. İyun ayının 22-də qəsəbədə Heydər Əliyev parkı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəbin tikintisi başa çatdırılıb, noyabr ayının 12-də isə qəsəbədə Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılış mərasimi keçirilib”.
Yığıncaqda çıxış edən Səbail RİH başçısı Asif Əsgərov Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə «Abad həyət» layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana, ATS binası və idman kompleksinin tikintisinə başlanacaq.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.