Azuşaqlı ailələrin artması - DEMOQRAFİK PROBLEM
18 iyun 2015 18:47 (UTC +04:00)

Azuşaqlı ailələrin artması - DEMOQRAFİK PROBLEM

Günel Səfərova: “Azuşaqlı ailələrin artması 30 il sonra demoqrafik problem kimi qarşımıza çıxacaq”

 

“İlk 6 ay ana südünün vacibliyini təbliğ ediriksə, 120 günlük analıq məzuniyyəti olduqca az müddətdir”. Bu fikirləri APA TV-də efirə “Sosium” proqramının qonağı hüquqşünas Günel Səfərova deyib.

 

Günel Səfərova analıq məzuniyyəti ilə bağlı Əmək Məcəlləsində sual yaradan məqamların çox olduğunu deyib: “Analıq məzuniyyəti sosial məzuniyyət kateqoriyasına daxil olur, bu əmək, təhsil, yaradıcılıq məzuniyyəti deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125- ci maddəsinə görə analıq məzuniyyəti 126 gündür. Burda 70 gün doğuma qədər verilən məzuniyyətdir, 56 gün isə doğumdan sonrakı məzuniyyətdir. Amma təcrübədə adətən analar doğuma qədər olan 70 günlük məzuniyyəti ana olduqdan sonraya keçirirlər, qanun buna qarşı heç bir sanksiya tətbiq etmir. Əmək Məcəlləsinin 130-cu maddəsində atalıq məzuniyyəti də nəzərdə tutulur, bu, övlad sahibi olduqdan sonrakı 14 gün ərzində götürülə bilər. Lakin atalıq məzuniyyəti ödənişli yox, ödənişsiz məzuniyyətdir”.

 

Hüquqşünas analıq məzuniyyəti müddətinin hansı hallarda artırılması barədə də məlumat verib: “Kənd təsərrüfatı sahəsində çalışan qadınların daha çox fiziki qüvvə sərf etdiyini nəzərə alaraq onlara müəyyən güzəştlər nəzərdə tutulur. Əgər doğum normal keçibsə, belə qadınlara 140 gün, çətin keçibsə, 156 gün məzuniyyət verilir. Lakin çətin doğuş dedikdə qeysəriyyə yolu ilə övlad sahibi olmaq nəzərdə tutulmur. 2 və ya daha çox uşağı olanlar üçün məzuniyyət 180 gündür. Lakin əgər biz ən azı ilk 6 ay ərzində ana südü ilə qidalanma ilə bağlı həkim tövsiyələrini təbliğ ediriksə, sadaladığımız müddət real deyil və analar uşaq doğulduqdan iki ay sonra qoyub işə  qayıtmaq məcburiyyətindədir”.

 

Qonaq analıq məzuniyyətindən sonra işə geri qayıtmağın da çətinlikləri olduğunu bildirib: “Dövlət qurumlarında əmək müqavilələri var, onlar qanundan kənara çıxa bilmirlər. Özəl qurumlarda və təşkilatlarda anaların işə daha erkən çıxmasını şərtləndirən amillərdən biri həmin iş yerinin itirilməsi ilə bağlıdır. Əslində, qanunda göstərilir ki, analıq məzuniyyətinə bir başa çıxan şəxs əgər işə qayıdırsa  müvəqqəti olaraq onun yerinə götürülmüş insan işdən azad edilməlidir və həmin şəxs bərpa olunmalıdır. Yaxud analıq məzuniyyətinə çıxan şəxs yeni bir işlə və mütləq şəkildə eyni məvaciblə təmin olunmalıdır. Lakin təcrübə göstərir ki, ananın iki aylıq uşağını qoyub işə gəlməsi o qədər də mümkün hal deyil. Bu halda analar ödənişsiz və qismən ödənişli məzuniyyət hüququndan istifadə edə bilərlər, lakin ödəniş hissəsi o qədər azdır ki, bu, uşağın heç bir təminatını ödəmir”.

 

Günel Səfərova analıq məzuniyyətinin xarici təcrübədə necə tənzimlənməsindən misallar gətirib: “İngiltərədə analıq məzuniyyəti 52 həftədir. Bu o qədər  böyük müddət olmasa da, maraqlı məqam odur ki, 52 həftə ödənişli məzuniyyət olmaqla yanaşı, ana uşağın 3 yaşına qədər hər ay maaşın 60 faizi ödənilməklə məzuniyyət ala bilər. Slovakiyada isə uşağın 6 yaşına qədər maaşın 82 faizi ödənilir. İstənilən halda, bunlar göstərir ki bizim qanunvericiliyimizdən fərqli olaraq, Avropa qanunvericiliyinə görə, analıq məzuniyyəti daha çox sosiallaşıb. Düzdür, Amerikada heç analıq məzuniyyəti də yoxdur, amma orda günboyu  qayğı mərkəzləri çoxdur”.

 

Hüquqşünasın fikrincə, hazırda analıq məzuniyyəti və ödənilən müavinətlərlə bağlı qanunvericiliyə dəyişiklik etmək lazımdır: “1998-ci il 15 sentyabrda dövlət məcburi sığorta ödəmələri qaydalarının tətbiq edilməsini təsdiqləyib ildən kifayət qədər vaxt keçib və bu qaydalara yenidən baxıla bilər. Praktikadan 3 yaşına qədər uşaqlara ananın baxması tövsiyə olunur. Bu müddət ərzində məzuniyyət qismən ödənişlidir, lakin uşağın 1,5 yaşına qədər ayda 20 manat, 3 yaşına qədər isə 10 manat ödəniş olunur. Bu məbləğ müasir dövrün iqtisadi tələblərinə uyğun deyil. Uşağın ehtiyaclarını ödəmək üçün kifayət qədər çox maliyyə lazımdır. Bundan əlavə, qanunvericilikdə məzuniyyət müddətinin az göstərilməsi başqa sosial problemlərə də səbəb olur. Bu, dayələr uşaqlara baxmaq tərzində zorakılıq faktlarını gündəmə gətirir, məktəbəqədər təhsil müəssisələrinin az olması problemini gündəmə gətirir. Əksər uşaq bağçalarında çox kiçik yaş qrupları yoxdur. Ananın məcburən işə qayıtması ana uşaq arasında psixoloji bağın itməsinə gətirib çıxarır ki, biz uşağın sonrakı həyatında bunu müşahidə edirik”.

 

Günel Səfərova qanunvericilikdə olan çatışmazlıqların demoqrafik problem kimi ortaya çıxa biləcəyini istisna etmir: “Avropada ödənişli analıq məzuniyyətinin daha çox olması məhz demoqrafik məsələlərlə bağlıdır və ailələrin dünyaya daha çox uşaq gətirməyə meylli olmağa təşviq edir. Hazırda Azərbaycanda da statistikaya görə ikiuşaqlı ailələr daha çoxdur, bunun da əsas səbəblərindən biri məhz ananın uşağa baxmaq üçün kifayət qədər vaxtının olmamasıdır. Bundan əlavə, bütün dediyimiz imtiyazlar yalnız işləyən analar üçün nəzərdə tutulur, işləməyən analar üçün heç bir müavinət və güzəştlər yoxdur. İşləməyən analardan başqa həm də rəsmi olaraq işləməyən analar var. Məsələn dayələr, xadimələr və s. Qanunvericilikdə nə qədər boşluqlar var ki rəsmi işləməyən anaların ödənişli məzuniyyəti və yaxud ümumiyyətlə analıq məzuniyyətindən istifadə edilməsi heç bir halda təmin edilmir və tənzimlənmir. Avropada işləməyən, evdar xanımlar üçün kifayət qədər sosial paketlər var. Belə qadınlara bəzi ölkələrdə müəyyən müddətə qədər uşaq qidaları pulsuz verilir. Əmək Məcəlləsində sosial müavinətin aşağı  tutulması sosial problem kimi qarşımıza çıxır”.

 

Hüquqşünasın fikrincə, hər hansı sosial problemin həlli üçün minimum 30 il lazımdır: “Əgər növbəti 5-10 ildə bu problem həll olunmasa, 30 il sonra həllinə nail olmaq mümkündür. İctimai vəkillikdə ən asan iş qanunvericiliyin dəyişilməsidir. Bizdə bu tip qanunlar ya hansısa beynəlxalq konvensiya qarşısında öhdəlik götürməklə, ya da problem ortaya çıxandan sonra qəbul edilir. Bu məsələyə təkcə əmək hüquqları çərçivəsində baxmamalıyıq. Qadın hüquqlarının müdafiəsi, gender qanunu, məişət zorakılığı və s. bunların hamısı bir -iri ilə əlaqəli olan zəncirvarı qanunlar toplusudur. Burada problem təkcə müddətin artırılması deyil, qismən ödənişli məzuniyyətin də məbləğinin artırılmasıdır”.

 

Günel Səfərova problemin həlli istiqamətində addımların atıldığını da bildirib: “Biz uşaq fondunun yaradılmasını təklif edirik. Bir çox Avropa ölkələrində bu tip təcili fondlar var və adətən xeyriyyəçilər hesabına formalaşır, amma dövlətin də formalaşdırdığı nümunələr də var. Qanunla 18 yaşına qədər uşaq sayılır, lakin qanunvericilikdə və təcrübədə təhsil alan 6-7, 9-10  yaşlı uşaqlarımızın baxımı ilə  bağlı heç bir söz deyilmir. Ona görə də mütləq günboyu qayğı mərkəzləri olmalıdır ki, işləyən analar üçün vəziyyət bir az daha asanlaşsın”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar