Azərbaycanda tütünlə mübarizə üçün Məsləhətçi Qrup yaradılacaq
27 sentyabr 2016 15:14 (UTC +04:00)

Azərbaycanda tütünlə mübarizə üçün Məsləhətçi Qrup yaradılacaq

0

 

29 sentyabrda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinin icrası məqsədilə Azərbaycanın müvafiq normativ hüquqi aktlarının "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası" maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair ilk işçi görüşün keçirilməsi planlaşdırılıb.

 

 

İSİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulmuşdur. TMQ tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərəcək, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak edəcək.

 

Bildirək ki,  TMQ “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə Səhiyyə Nazirliyinin nəzdində təşkil edilmiş İcra və Əlaqələndirmə Qrupu (İƏQ), İSİM, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət olacaq.

 

Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyini gücləndirmək, tütün məmulatlarının reklamına, satışın stimullaşdırılmasına və sponsorluğuna qarşı tam qadağanedici tədbirləri tətbiq etmək, eyni zamanda tütün tüstüsündən azad ictimai yerlər yaratmaqdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün tütün məmulatlarının satışı və reklamına, eləcə də tütün çəkilməsi qadağan edilən yerlərə dair qüvvədə olan milli qanunvericiliyin "Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası"nın 8-ci və 13-cü maddələrinə, həmçinin beynəlxalq təcrübə və normalara uyğunlaşdırılması, vətəndaş cəmiyyəti və qərar qəbul edən şəxslərlə birgə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu işin daha səmərəli aparılması üçün onun geniş dəstəklənməsi və kompleks təbliğat tədbirlərinin həyata keçirilməsi vəzifələri ön planda dayanır.

 

Qeyd edək ki, "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası" tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır. O, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 21 may 2003-cü ildə qəbul edilib və 27 fevral 2005-ci il tarixdə qüvvəyə minib. Həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biridir. Hal-hazırda Konvensiyanın 180 Tərəf ölkəsi var. Azərbaycan 2005-ci ildə Konvensiyaya qoşulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar