Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma özünü göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən ay DƏMX tərəfindən qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz azalaraq 15-ə enib.
Eyni zamanda, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 50 faiz azalmaqla 10 nəfər təşkil edib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında ümumiyyətlə belə hadisə qeydə alınmayıb. DƏMX istehsalatla əlaqəli baş vermiş hər bir bədbəxt hadisə ilə bağlı müvafiq qaydada təhqiqat işləri apararaq, konkret tədbirlər görüb.
İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə Xidmət tərəfindən dövlət nəzarətinin gücləndirilməsinin, həmçinin işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər arasında aparılan geniş təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsidir.