Azərbaycanda hər avtomobil yolunun öz məlumat vərəqəsi olacaq
04 may 2014 12:12 (UTC +04:00)

Azərbaycanda hər avtomobil yolunun öz məlumat vərəqəsi olacaq

Azərbaycanda avtomobil yollarının vahid dövlət reyestri yaradılacaq. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən «Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası»nda əksini tapıb.

Nəqliyyat Nazirliyi tərəfindən yaradılacaq və aparılacaq avtomobil yollarının vahid dövlət reyestri mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında Azərbaycan dilində məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsi ilə bağlı müəyyən edilmiş qaydaya uyğun tərtib ediləcək. Bu məlumatlar sırasına avtomobil yolunun mülkiyyətçisi və sahibi, avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi və uzunluğu, avtomobil yolunun xəritəsi, avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu, avtomobil yolunun faktiki vəziyyəti, avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti və yol nişanlarının dislokasiyası daxildir.

Reyestrin əsas bölməsi reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı, reyestrdən çıxarışların qeydiyyatı jurnalı, məlumat xəritələrinin və yolun mülkiyyətçisi və sahibi tərəfindən təsdiq edilərək məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluqdan ibarətdir. Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi veriləcək.

Reyestrin arxiv bölməsinə isə avtomobil yolunun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək göndərilmiş məlumatlarda dəyişikliklər edilməsi nəticəsində aktuallığını itirmiş və bu səbəbdən reyestrin əsas bölməsindən arxiv bölməsinə köçürülməsi tələb olunan işlər daxildir. Arxiv bölməsinin hər bir qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə uyğun və «arxiv» sözü yazılmış nömrə veriləcək. Avtomobil yolları istismardan çıxarıldığı, bir neçə yerə bölündüyü və ya bir neçə yolun bir yol kimi birləşdirildiyi hallarda avtomobil yolunun köhnə indeks nömrələrinə uyğun qovluqlar bağlanılacaq və reyestr arxiv bölməsinə təhvil veriləcək. Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin götürülməsi və ya məhv edilməsi qadağandır. Reyestr qovluqlarının daimi saxlanılması üçün dövlət arxivlərinə verilməsi mövcud qanunvericiliyə uyğun aparılacaq.

Reyestr kənar şəxslərin daxil olması mümkün olmayan, məlumatların oğurlanmasının, korlanmasının, dəyişikliklər edilməsinin qarşısını almağa imkan verən xüsusi yerlərdə saxlanılacaq. Elektron daşıyıcılarda olan reyestr məlumatlarının itirilməsinin qarşısını almaq məqsədi Nəqliyyat Nazirliyi tərəfindən elektron daşıyıcılarda olan məlumatların ehtiyat surətləri yaradılır və xüsusi yerlərdə saxlanılmalıdır. Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Nəqliyyat Nazirliyi tərəfindən reyestrdən çıxarış hər bir maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar