<span style="color:red;">"Bələdiyyələr ölü quruma çevrilib"  - Deputatdan SƏRT ÇIXIŞ
30 may 2019 13:43 (UTC +04:00)

"Bələdiyyələr ölü quruma çevrilib" - Deputatdan SƏRT ÇIXIŞ

Azərbaycanda bələdiyyə qurumu olsa da, fəaliyyəti hələ də qənaətbəxş deyil. Bu qurumun fəaliyyət imkanları çərçivəlidir, demək olar ki, heç bir sahədə fəaliyyəti görünmür. 

Məsələn, qonşu Türkiyədə şəhər və rayonlarda yaşıllıqların salınması, lövhələrin vurulması, səliqəli yolların salınması bələdiyyələrin səlahiyyətindədir.  Yəni, bir bələdiyyənin ən vacib fəaliyyət sahəsi ərazinin infrastruktutunun tənzimlənməsidir.

Suyun paylanmasından başlamış, kanalizasiya xidmətlərinin tənzimlənməsinə qədər hər cür işlə bələdiyyələr maraqlanır.

Zibillərin toplanması, ətraf mühitin təmizliyi, hətta sənədləşdirmə, nikahın qeydə alınması, şəhərin ehtiyaclarına uyğun bazar yerinin açılması, məktəböncəsi təhsil kursları, peşə kursları, kitabxana açmaq kimi işlərin hamısını bələdiyyələr həyata keçirir. Bələdiyyə səhiyyə xidmətləri verməyə də məsuldur.

Hətta əhalinin ehtiyacına görə ucuz evlərin tikilməsinə kömək etmək, layihələrin nəzarətini həyata keçirmək və s.

Bəs Azərbaycanda vəziyyət necədir? Bələdiyyələrin istənilən şəkildə fəaliyyət göstərə bilməsi üçün hansı maneələr aradan qaldırılmalıdır?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda  bələdiyyələrin fəaliyyət imkanları məhduddur: “Bələdiyyələr üzərində nəzarət funksiyasını həyata keçirən orqanların sayı artdıqca, bu qurumların fəaliyyəti zəifləyir. Birinci növbədə bələdiyyələrin səlahiyyətlərinin genişlənməsinə diqqət yetirmək lazımdır. Milli Məclis də bələdiyyələrə nəzarət edir. Ədliyyə Nazirliyi, vergi qurumları və s. bələdiyyələrə nəzarət eidr. Bələdiyyələrə nəzarət funksiyasından daha çox səlahiyyət imkanları verilməlidir. ki, nəzarəti də daha çox dövlət qurumları yox, bələdiyyəni seçən seçicilər həyata keçirməlidir. Çünki yerli problemlərin həllində bələdiyyələrin rolunu onlardan yaxşı qiymətləndirən olmaz”.

Millət vəkili bilidirib ki, icra hakimiyyətləri ilə bələdiyyələrin funksional bölgülərinin dəqiqləşdirilməsi aparılmalıdır: “Bələdiyyələrin əlində ərazinin xəritəsi yoxdur.  Hansısa bir məsələ ilə bağlı verdiyi qərarların keçərliliyi yoxdur. Belə bir vəziyyətdə problemlər olacaq və bələdiyyələr rəsmi qurum kimi fəaliyyət göstərməkdə çətinlik çəkəcəklər. Onların fəaliyyətini qanedidici hesab etmirəm. Amma səlahiyyəti az olduğuna görə qaneedici fəaliyyət göstərmək imkanları da yoxdur”.  

Yeri gəlmişkən, bu gün Milli Məclisin plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı da millət vəkili Fazil Mustafa bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələrə lokal səlahiyyətlər verilməsinin vacibliyindən danışıb: “Hazırda bələdiyyələr ölü quruma çevrilib. Müəyyən qurumlar üçün inzibati qaydada 2 gün ərzində bələdiyyənin qərarını ləğv etmək çox asandır. Bələdiyyələrin səlahiyyətləri məsələsini indidən həll etməliyik ki, bələdiyyə seçkilərinə də maraq artsın”.

ONA-nın məlumatına görə, indiyə qədər Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirmək, rəy hazırlamaq, təkliflər vermək və zərurət yarandıqda, audit yoxlamasını həyata keçirmək səlahiyyəti olub. Qanuna dəyişiklik bu səlahiyyətin ləğvini nəzərdə tutub. Qanun səsverməyə çıxarılaraq qəbul edilib. 
 
Qeyd edək ki, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. O dövrdə Azərbaycanda 2700 bələdiyyə yaradılıb, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilib. Müvafiq qanuna uyğun olaraq bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Aygün İbrahimli

Oxşar yazılar