APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Bu tədris ilində Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedir.
Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.
Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan kitablar artıq bütün məktəblərə çatdırılıb.
2014-2015-ci tədris ilində 1405 gənc müəllim ilk dəfə işə başlayacaq. Onlar təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.
Orta təhsilini qızıl və gümüş medallarla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.