“Azərbaycanda təhsil alan əcnəbi vətəndaşların böyük hissəsi Türkiyə, İran, Türkmənistan, Gürcüstan, Rusiya, Çin və İraq vətəndaşlarıdır. Əcnəbi vətəndaşlar daha çox tibb, memarlıq, neft, iqtisadiyyat və humanitar ixtisaslara üstünlük verirlər”. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycanda təhsil alan 4961 əcnəbi tələbədən 2663-ü Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşlarından bakalavriat təhsil səviyyəsi üzrə təhsil alan tələbələrin sayı 2050, magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin sayı 174, doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrin sayı isə 104-dür.
Türk tələbələr Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetinə daha çox üstünlük verirlər.
Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ölkələrə əsasən Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya Federasiyası, Fransa, Niderland Krallığı, ABŞ, İsveçrə, Avstraliya və Çin aiddir. Xaricdə təhsil alan azərbaycanlı tələbələr tibb, iqtisadiyyat, İKT, sosial və humanitar elmlər, mühəndislik, idarəetmə, turizm, neft sənayesi kimi ixtisaslara daha çox üstünlük verirlər.