Respublikanın iki rayonunda Böyük Vətən müharibəsi veteranı qalmayıb
Azərbaycanda dəqiqləşmiş son statistikaya əsasən 1291 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır.
APA-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) saytına istinadən verdiyi məlumata görə, hazırda respublikanın iki rayonunda Böyük Vətən müharibəsi veteranı qalmayıb. Bunlar Beyləqan və Xocavənd rayonlarıdır (rayonun işğal altındakı ərazilərində yaşayan erməni əhalisi nəzərə alınmamaqla).
Ən az veteran Xızı (2 nəfər), Xocalı (2 nəfər) və Şirvanda (3 nəfər) yaşayır.
Rayonlar arasında hazırda həyatda olan Böyük Vətən müharibəsi veteranlarının sayına görə Gədəbəy rayonu ilk sırada dayanır. Uzunömürlü sakinlərinin sayına görə də Azərbaycanda ilk yerdə olan Gədəbəydə 55 Böyük Vətən müharibəsi veteranı həyatdadır. Sağ qalan veteranların sayına görə, bölgələr arasında sonrakı yerlərdə Şəmkir (43 nəfər), Gəncə şəhəri (30 nəfər), Ağstafa (28 nəfər) və Sumqayıt (28 nəfər) gəlir.
Naxçıvan Muxtar Respublikasında isə hazırda 66 nəfər Böyük Vətən müharibəsi veteranı sağdır.
Bakı şəhərində hazırda 312 nəfər Böyük Vətən müharibəsi veteranı həyatdadır.
Paytaxtın Xətai rayonunda 58, Nəsimi rayonunda 44, Yasamal rayonunda 44, Nərimanov rayonunda 42, Sabunçu rayonunda 31, Nizami rayonunda 28, Suraxanı rayonunda 25, Binəqədi rayonunda 25, Səbail rayonunda 9, Qaradağ rayonunda isə 6 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır.