Azərbaycan müdafiə təyinatlı məmulat istehsalını 2,8 dəfə artırıb
24 oktyabr 2013 15:59 (UTC +04:00)

Azərbaycan müdafiə təyinatlı məmulat istehsalını 2,8 dəfə artırıb

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, kollegiya üzvləri Yavər Camalovu yenidən müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik ediblər. Yavər Camalov öz növbəsində ona göstərilən etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Kollegiyada nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.
Bildirilib ki, hesabat dövründə tabeli müəssisələrdə 2013-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.
Cari ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,5 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,8 dəfə artıb. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 105 faiz əməl olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məmulatların istehsalında 41 faiz artım əldə edilib. İstehsal olunmuş məhsulların ümumi həcminin 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.
2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi tədqiqat və və təcrübi konstruktor işləri uğurla aparılır.
Kollegiyada 2014-cü ildə Azərbaycanda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı aparılan işlərdən də danışılıb. Bildirildi ki, “ADEX-2014” sərgisi ilə bağlı aidiyyəti dövlət qurumlarının məsul şəxslərindən ibarət yardılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir. İclasda sərginin təşkili ilə bağlı geniş müzakirələr aparılıb.
 

 

# 748
avatar

Oxşar yazılar