Media nümayəndələri “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə 214 nömrəli tam orta məktəbində olublar. Lent.az-ın məlumatına görə, media nümayəndələrinə bildirilib ki, “Sağlam təhsil sinfi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.
Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradılıb. Təhsil Nazirliyi bu istiqamətdə Səhiyyə Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzi qeyri-hökumət təşkilatı ilə birgə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində bir sıra işlər həyata keçirib.
Hazırda aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin təşəbbüsü ilə mütəxəssislər tərəfindən təhsilalanların sağlamlığı baxımından müstəsna əhəmiyyət daşıyan normativ sənədlər hazırlanır.
Qeyd olunub ki, layihə çərçivəsində artıq Bakıda və Sumqayıtda 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayıb.