Azərbaycanda keçiriləcək Avropa oyunlarında idmançılara və digər personala tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunacaq. Azərbaycan Tibb Universitetindən Lent.az-a verilən məlumata görə, bu barədə ATU rektoru, akademik Əhliman Əmiraslanovun Bakı-2015 Avropa oyunlarının tibb direktoru xanım Pem Vedinglə görüşdə ilkin razılıq əldə edilib.
Əldə olunan ilkin razılaşmaya əsasən, Avropa Oyunlarında xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı treninq mərkəzində təlimlər təşkil olunacaq. Yarışmalar zamanı həmçinin Tibb Universitetinin təmsilçilərinin həkim briqadası da xidmət göstərəcək.
Daha sonra qonaq ATU-nun klinikalarını ziyarət edib, buradakı təlim mərkəzləri ilə yaxından tanış olub. O, klinikalardakı şəraiti, müasir texniki avadanlığın mövcudluğunu yüksək qiymətləndirib.