Bu ilin yanvar ayında ölkəmizin turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dörd beynəlxalq sərgidə nümayiş olunacaq. Lent.az-ın məlumatına görə,
bu sərgilərdən birincisi ABŞ-ın Nyu-York şəhərində yanvarın 18-dən 20-dək gerçəkləşəcək. “The New York Times Travel Show” adlı sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün Nazirlik tərəfindən 28 kvadrat metrlik lövhə icarəyə götürülüb. Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis dilində 20 adda reklam-çap məhsulu nümayiş etdiriləcək. Sərgidə Nazirliyin nümayəndələri ilə yanaşı, ölkəmizin 8 turizm şirkətinin təmsilçiləri də iştirak edəcək.
İkinci sərgi Türkiyənin İstanbul şəhərində 24-27 yanvar tarixlərində reallaşacaq “EMİTT-2013”dür. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. Nazirlik tərəfindən icarəyə götürülmüş sahədə 25 adda ingilis və türk dillərində hazırlanmış reklam-çap məhsulları ziyarətçilərə paylanacaq. Sərgidə eyni zamanda 9 yerli turizm şirkəti və 5 mehmanxana da öz məhsullarını nümayiş etdirəcək.
Yanvar ayında ölkəmizin təmsil olunacağı daha bir sərgi İranın paytaxtı Tehranda baş tutacaq. “HT&T Iran Hotel, Travel & Tourism Show” sərgisində Azərbaycanın turizm imkanları 60 kvadrat metrlik lövhədə təqdim ediləcək. Bu sərgidə də yerli turizm şirkətləri və mehmanxanalar iştirak edəcək.
Bu ay iştirak edəcəyimiz sonuncu sərgi İspaniyanın Madrid şəhərində keçiriləcək “Fitur” beynəlxalq turizm sərgisidir. Burada ölkəmizi Nazirlik ilə birlikdə 4 yerli turizm şirkəti təmsil edəcək. 51 kvadrat metrlik lövhədə Azərbaycanın turizm potensialı 30 adda ingilis və ispan dillərində hazırlanmış CD, broşür və disklərlə təqdim ediləcək.