Azərbaycan Aİ ilə təhsil sahəsində əməkdaşlığı genişləndirəcək
14 iyun 2014 18:11 (UTC +04:00)

Azərbaycan Aİ ilə təhsil sahəsində əməkdaşlığı genişləndirəcək

0

Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də “ADA” Universitetində “Avropa İttifaqı-Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda mühazirə oxuyub. Lent.az-ın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil məktəblərinin rektorları və diplomatlar iştirak ediblər. Görüşdə çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev deyib ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq edir.

 

Avropa Komissiyasının sədri bildirib ki, Azərbaycanda böyük irəliləyişlər baş verir. O qeyd edib ki, səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməklə bağlı razılıq əldə olunub. J.M.Barrozu qeyd edib ki, “ADA” Universiteti nümunəvi təhsil ocaqlarından biri kimi bu istiqamətdə böyük rol oynaya bilər. O, Avropa İttifaqının təhsil proqramları çərçivəsində “ADA” Universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib.
Azərbaycanın Şərq ilə Qərb arasında körpü olduğunu deyən Avropa Komissiyasının sədri ölkəmizin regional və beynəlxalq məsələlərin həllində mühüm rol oynadığını qeyd edib.

Azərbaycanın həyata keçirdiyi mühüm enerji layihələrinin əhəmiyyətindən danışan J.M.Barrozu “Cənub” qaz dəhlizinin reallaşdırılmasının birgə prioritetlərdən olduğunu deyib.

 

 “Bu layihənin həyata keçirilməsi Avropa İttifaqının Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcək. Eyni zamanda, bu layihə Aİ ilə Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək, 30 min yeni iş yerinin açılmasına şərait yaradacaq”. J.M.Barrozu qeyd edib ki, “Cənub” qaz dəhlizi həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq.
Avropa Komissiyasının sədri bildirib ki, Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi istiqamətində işlər aparılıb. Bu sahədə irəliləyişlərin olması ünsiyyəti və əlaqələri daha da asanlaşdıracaq. O bildirib  ki, gələcək təhsil və elmlə bağlıdır. “Biz Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı bu istiqamətdə qurmağa çalışırıq”. Avropa Komissiyasının sədri onu da bildirib ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı dünyaya daha yaxından tanıtmağa imkan verəcək: “Azərbaycanın intellektual imkanları onun təbii resurslarından qat-qat üstündür. Azərbaycanda qədim tarix, zəngin mədəniyyət var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar