Azay Quliyev Bundestaqda görüşlər keçirib
09 may 2014 14:01 (UTC +04:00)

Azay Quliyev Bundestaqda görüşlər keçirib

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Bundestaqında bir sıra görüşlər keçirib. Lent.az-ın məlumatına görə, A. Quliyev Bundestaqın enerji və iqtisadiyyat, xarici əlaqələr komitələrinin üzvü Yan Metzlerlə görüşdə ölkəmizin iqtisadi inkişafı, enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şuranın yaranması və fəaliyyəti haqqında məlumat verib.

 

Y. Metzler Bakı ilə qardaşlaşmış Mayns şəhərindən deputat seçildiyini bildirərək Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, Bundestaqın Almaniya - Cənubi Qafqaz parlamentlərarası qrupuna üzv olmaq üçün müraciət etdiyini bildirib.

 

Millət vəkili Bundestaqın Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı fraksiyasının üzvü Çarlz Huberlə də görüş keçirib. Ölkəmizin iqtisadi inkişafı və enerji siyasətini daim izlədiyini bildirən Huber Almaniyanın EON şirkətinin ölkəmizin “Şahdəniz” layihəsinə qoşulmasından məmnunluğunu bildirib. Huber iyunda NATO PA-nın üzvü kimi ölkəmizə səfər edəcəyini qeyd edib. Almaniyalı millət vəkili Berlində “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” mövzusunda dəyirmi masa keçirməyi təklif edib.

A. Quliyev isə Azərbaycanın regiondakı siyasi və iqtisadi çəkisini, Ermənistanla münaqişə vəziyyətində olmasını nəzərə alaraq ölkəmizlə bağlı Bundestaqda ayrıca dostluq qrupunun yaradılmasını təklif edib.

 

Millət vəkili bu gün həmçinin Bundestaqın Sosial Demokrat fraksiyasının nümayəndəsi, xarici əlaqələr komitəsinin üzvü, əslən Balkanlardan olan Yosip Yoratoviçlə də görüşüb. Y. Yoratoviç Cənubi Qafqaz kimi etnik müxtəlifliyin və mürəkkəb siyasi vəziyyətin olduğu regionlarda əsas diqqətin xalqların müqəddəratını təyin etmək hüququna deyil, fərdlərin hüquqlarının təminatına yönəldilməsinin vacibliyini bildirib. Y. Yoratoviç Soial Demokrat Partiyasına yaxın olan Fridrix Ebert Fondu vasitəsi ilə ölkəmizə dair toplantının keçirilməsi təklif edərək bu istiqamətdə müzakirələrin davam etdirilməsinin faydalı ola biləcəyini qeyd edib.

 

Millət vəkili beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq, qondarma referendumlar keçirməklə müstəqil dövlətlərin ərazilərinin işğalının qəbuledilməz olduğunu deyərək, bu vəziyyətin Azərbaycan üçün tanış olduğunu qeyd edib. A. Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsinin nəticəsini Avropanın bu gün ağır şəkildə ödədiyini bildirib. O, Qarabağ probleminə Almaniya siyasətində daha artıq diqqət yetirilməsinin vacibliyini vurğulayaraq bununla bağlı Bundestaqda dinləmələrin keçirilməsi təklifini irəli sürüb. Millət vəkili Dağlıq Qarabağdakı qondarma qurumun separatçılarına qarşı sanksiyaların qəbul olunmasının vacibliyini alman həmkarının diqqətinə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar