Azay Quliyev Almaniya Bundestaqında bir sıra görüşlər keçirib
08 may 2014 17:06 (UTC +04:00)

Azay Quliyev Almaniya Bundestaqında bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Bundestaqında bir sıra görüşlər keçirib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, A. Quliyev Bundestaqın Enerji və iqtisadiyyat, Xarici əlaqələr komitələrinin üzvü Yan Metzlerlə görüşüb. Görüşdə Y.Metzlerə ölkəmizin iqtisadi inkişafı, enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şuranın yaranması və fəaliyyəti haqqında məlumat verilib.

A.Quliyev Bundestaqın Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı fraksiyasının üzvü Çarlz Huberlə də görüş keçirib. Azərbaycanın iqtisadi inkişafı və enerji siyasətini daim izlədiyini bildirən Ç. Huber Almaniyanın EON şirkətinin “Şahdəniz” layihəsinə qoşulmasından məmnunluğunu bildirib.

A. Quliyev Bundestaqın Sosial Demokrat fraksiyasının nümayəndəsi, Xarici əlaqələr komitəsinin üzvü Yosip Yoratoviçlə də görüşüb. Y.Yoratoviç Cənubi Qafqaz kimi etnik müxtəlifliyin və mürəkkəb siyasi vəziyyətin olduğu regionlarda əsas diqqətin xalqların müqəddəratını təyin etmək hüququna deyil, fərdlərin hüquqlarının təminatına yönəldilməsinin vacibliyini bildirib.

A. Quliyev Berlində Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin üzvü, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Doris Barnettlə də görüşüb.

ATƏT PA-nın Büro üzvü olan A.Quliyev Almaniyanın ölkəmizin mühüm tərəfdaşlarından biri olduğunu bildirərək, Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin birgə yaşayışının təmin olunması və bölgənin gələcək statusunun müəyyənləşdirilməsi üçün iki icma arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb.

Doris Barnett ATƏT-in PA-nın 2014-cü ilin yayında Bakıda keçiriləcək 23-cü illik sessiyasına Almaniya nümayəndə heyətinin 13 deputatla, tam tərkibdə qatılacağını bildirib.

Görüşdə ATƏT-in PA-nın Bakıda keçiriləcək qarşıdakı sessiyası çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında müzakirələrin davam etdirilməsinin faydalı olduğu qeyd edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar