Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri xanım Najat Vallaud- Belkacemi qəbul edib. Bu barədə Lent.az-a Gənclər Və İdman Nazirliyindən məlumat verilib.
A. Rəhimov hazırda Azərbaycanda ilk dəfə keçirilən “Baku 2015” Avropa Olimpiya oyunlarına güclü hazırlıq işlərinin getdiyini, yeni idman qurğularının tikildiyini, bir sıra idman obyektlərinin təmir edildiyini diqqətə çatdırıb: “Əminliklə deyə bilərəm ki, 2015-ci ildə ölkəmizə təşrif buyuracaq Fransalı idmançılar Bakıdan ən xoş xatirələrlə ayrılacaqlar. Məlumat üçün bildirim ki, yarışlarda iştirak üçün 6000-dən çox idmançı Bakı şəhərinin qonağı olacaq.”
Fransalı nazir öz növbəsində A.Rəhimova göstərdiyi xoş münasibət üçün təşəkkür edib. Fransalı nazir Bakıda 2015-ci ildə keçiriləcək Olimpiya oyunları ilə maraqlandığını, idman sahəsində əməkdaşlığa daim hazır olduğunu bildirib. Qonaq eyni zamanda tikilməkdə olan Olimpiya Mərkəzləri ilə tanış olmaqda maraqlı olduğunu diqqətə çatdırıb.