Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq ediləcək. Universitetdən Lent.az-a verilən məlumata görə, bu ildən başlayaraq tələbələrin dərsləri əsasən Universitetin “Tibb şəhərciyi”ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək.
Əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olurdular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu.
Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedraları ATU-nun “Tibb şəhərciyi”ndə yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb.
Qeyd edək ki, hazırda “Tibb şəhərciyi”ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji klinikalarla yanaşı, həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.