Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib.
APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən “Sərhədkeçməyə məhdudiyyət siyahısı” üzrə ölkədə olması milli təhlükəsizlik baxımından arzuolunmaz sayılan şəxslər haqqında və ölkədə olması arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminin (İAMAS) informasiya resurslarına daxil ediləcək.
Eyni zamanda Azərbaycana gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar İAMAS-ın informasiya resurslarına əlavə ediləcək.
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş və inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar da İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nda yer alacaq.
Bu vaxta qədər şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə öhdəliklər qoyulmuş şəxslər haqqında məlumatlar İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nda əksini tapıb. Dəyişikliyə əsasən bu sahədə dəqiqləşmə aparılıb. Başqa sözlə, bundan sonra üzərinə Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla, şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslər haqqında məlumatlar İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil ediləcək.