Bu gün APA Holdinqin prezidenti Vüsalə Mahirqızı Azərbaycan Dillər Universitetinin qonağı olub. Lent.az-ın məlumatına görə, “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Zeynəb Kazımovanın tədris etdiyi “Azərbaycanda informasiya agentlikləri ” fənni üzrə dərsdə qonaq olan Vüsalə Mahirqızı tələbələr üçün mühazirə - açıq dərs keçib.
Öncə tələbə Nərgiz Vəlizadə APA-nın fəaliyyəti haqda slayd təqdimatla çıxış edib.
APA.TV-nin xəbər aparıcısı Nəsimi Nəbizadənin də iştirak etdiyi dərsdə “APA Holdinq”in prezidenti bazar münasibətlərinin formalaşması və özəl informasiya agentliklərinin inkişafı prosesindən danışıb.
V. Mahirqızı özəl informasiyanın dövlətin daxili və xarici siyasətində rolu, yeri və əhəmiyyətindən, bu agentliklərin beynəlxalq-hüquqi statusundan söz açıb. O, məruzəsində dünyanın aparıcı informasiya agentliklərinin işindən danışaraq, onların fəaliyyətinin Azərbaycan informasiya agentlikləri ilə və müxtəlif ölkələrdə mövcud informasiya mühiti ilə müqayisəli təhlilini verib. Jurnalistlərin müvafiq sahələr üzrə ixtisaslaşmasının, peşəkarlığın artırılmasının vacibliyinə diqqət çəkən holdinq rəhbəri medianın qarşısında duran əsas vəzifələrdən, informasiya siyasətinin tənzimlənməsindən bəhs edib. Əsasən yaradıcısı olduğu APA İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı tələbələrə məlumat verən V. Mahirqızı onun həm ölkə daxilində, həm də Qafqaz və Xəzəryanı regionda xəbər tədarükçüsü olduğunu diqqətə çatdırıb. O, APA Holdinqə daxil olan “Lent.az” və “Vesti.az”, “Kulis.az” xəbər portallarının və APA.TV-nin fəaliyyətindən, maraq göstərilən, ən çox oxunan mövzulardan və bunun səbəblərindən də söz açıb. Vüsalə Mahirqızı həmçinin jurnalist kadrların hazırlanmasında islahatların aparılmasının zəruriliyini vurğulayıb.
APA.TV-nin xəbər aparıcısı Nəsimi Nəbizadə isə televiziya aparıcıları və ümumilikdə, jurnalistlərin etik normaları haqda tələbələrə məlumat verərək, şəxsi televiziya təcrübəsindən danışıb. Uzun müddət TV sahəsində xəbər aparıcısı kimi çalışan N. Nəbizadə aparıcının etik norma və prinsiplərinə toxundu, aparıcıların gözləməli olduqları peşə etikası prinsiplərini izah edib. O, tələbələrə “xəbər aparıcısı”nın riayət etməli olduğu qaydalardan bəhs edib. Efirdə nitq və davranış mədəniyyəti, istər idman proqramlarında, istərsə də, müxtəlif sahələr üzrə yayımlanan verilişlərdə aparıcıların efirdə istifadə etdiyi “fəndlər” haqda da söz açıb.
Dərsdən sonra “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Zeynəb Kazımova qonaqlara tələbələr adından öz təşəkkürünü bildirib.