İş adamı Anar Məmmədov “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə kəsilən cərimələrin icraya yönəldilməsi üçün məhkəməyə üz tutub.
Lent.az-ın məlumatına görə, bu barədə musavat.com saytı xəbər yayıb. Saytın yazdığına görə, “Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini 2010-cu ildə şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna zərbə vurulması iddiası ilə məhkəmə verib. Qəzetlərin hər biri 4 min manat cərimələnib.
Lakin daha sonra qəzetlərlə Məmmədovun arasındakı razılaşmaya görə, cərimənin icrası dayandırılıb.
Bu günlərdə isə A. Məmmədovun vəkili Ruslan Məmmədov Nizam rayon Məhkəməsinin İcra Şöbəsinə müraciət edərək, icraya xitam verilməsi ilə bağlı qərardadın ləğvini istəyib. Məhkəmə şikayəti təmin edib.
“Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn isə bu qərardan apelyasiya şikayəti veriləcəyini bildirib.
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu razılaşmanı A. Məmmədovun pozduğunu deyib. Onun fikrincə, A. Məmmədovun keçmiş məhkəmə qərarını icraya yönəltməsi "Yeni Müsavat"ın öz əməkdaşı Fərahim İlqaroğluna hücum edilməsi ilə bağlı sifarişin deputat Elton Məmmədovun oğlu, A. Məmmədovun əmisi oğlu Aynar Məmmədov tərəfindən verilməsini yazması ilə bağlıdır.
Qeyd edək ki, A. Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.